Ötən il Azərbaycana xaricdən 457,3 milyon ABŞ dolları dəyərində 1 milyon 344 min 329 ədəd smartfon gətirilib.
Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 4 % çox, kəmiyyət baxımından isə 11 % azdır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov “Paraqraf.com”a bildirib ki, ötən ilin statistikası Azərbaycana gətirilən smartfonların sayında azalma olsa da, ümumi dəyərin artdığını göstərir. Onun sözlərinə görə, bu, istehlakçıların daha keyfiyyətli, bahalı və funksional cihazlara üstünlük verdiyini sübut edir:

“Müasir smartfonların ənənəvi telefonlardan əsas üstünlüyü onların sadəcə rabitə vasitəsi deyil, eyni zamanda yüksək sürətli internetə çıxış, süni intellekt dəstəkli kameralar və “myGov” kimi dövlət xidmətlərinə birbaşa qoşulma imkanı verən portativ kompüter rolunu oynamasıdır.
Lakin bu cihazlar yüksək performans və rəqəmsal rahatlıq təklif etsə də, mürəkkəb proqram təminatına görə kiberhücumlara qarşı daha həssasdır. Böyük sensor ekranlarına görə fiziki zədələrə daha meyilli olurlar.
Eyni zamanda, geniş funksionallıq batareya ömrünün ənənəvi telefonlarla müqayisədə daha qısa olmasına və istifadəçilərdə rəqəmsal asılılığın formalaşmasına səbəb ola bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
