ABŞ və İran arasında danışıqlar baş tutub.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçı, ABŞ heyətinə isə ölkə prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib.
Politoloq Tural İrfan “Paraqraf.com”a bildirib ki, ABŞ–İran danışıqları gərgin mühitdə keçir:

“Danışıqlar elə bir mərhələdə başlayıb ki, bu, sanki gecikmiş təsir bağışlayır. Çünki müharibə ritorikası daha çox ön plandadır. Müəyyən ümidlər var ki, razılaşma əldə olunsun. Lakin ABŞ-nin İran rejimini dəyişməkdə qərarlı görünməsi danışıqların nəticəsinin müvəqqəti xarakter daşıya biləcəyini göstərir”.
Tural İrfanın sözlərinə görə, ABŞ-nin İrana sanksiyaları ləğv etməsi real görünmür:
“Əksinə, məqsəd İranı daha da dalana dirəmək, zəiflətmək və rejimi həm ideoloji xəttini, həm də siyasətini dəyişməyə məcbur etməkdir. İran nüvə proqramından, uzaqmənzilli raketlərdən və proksi qüvvələri silahlandırmaqdan imtina etsə belə, ABŞ-nin İran hakimiyyətini rahat buraxacağı inandırıcı görünmür. Hazırkı danışıqlar müəyyən qədər sabitlik təsiri yaratsa da, Vaşinqtonun müharibəyə hazırlaşması vəziyyətin hər an dəyişə biləcəyini deməyə əsas verir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
