9-cu mikrorayondan Biləcəri qəsəbəsinə yeni avtomobil yolunun çəkilməsi nəzərdə tutulur. Bununla da paytaxtın nəqliyyat xəritəsində yeni bir arteriya formalaşacaq. Layihə yalnız iki ərazini birləşdirməklə kifayətlənməyəcək, eyni zamanda Bakının ən yüklü tıxac nöqtələrindən birində sıxlığın azaldılmasına xidmət edəcək.
Məlumata görə, layihə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramı çərçivəsində həyata keçirilir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Paraqraf.com”a açıqlamasında bildirib ki, yeni yol şəhərin şimal-qərb nəqliyyat strukturuna ciddi təsir göstərəcək:

“Hazırda 9-cu mikrorayon və Biləcəri qəsəbəsi istiqamətində əsas nəqliyyat yükü Ziya Bünyadov prospekti və Binəqədi şossesi üzərinə düşür. Yeni yol istifadəyə veriləndən sonra nəqliyyat axını bölünəcək və sürücülər üçün alternativ marşrut yaranacaq. Bu da vaxt itkisini və sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq. 9-cu mikrorayondan Biləcəri qəsəbəsinə çəkiləcək yol tıxacların azalmasına real töhfə verəcək”.
Ekspert əlavə edib ki, sözügedən istiqamətlərdə paytaxtın çıxışlarına doğru bir neçə əlavə yolun salınması da planlaşdırılır:
“Bu layihə ümumi planın tərkib hissəsidir. 2025–2030-cu illəri əhatə edən Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramı mövcuddur. Həmin proqram çərçivəsində 2030-cu ilə qədər paytaxt və ətrafında yol infrastrukturu sahəsində ciddi dəyişikliklər gözlənilir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
