2026-cı il üzrə inflyasiya ilə bağlı səslənən proqnozlar Azərbaycanda qiymətlərin sabitləşməsi istiqamətində müəyyən ümidlər yaratsa da, iqtisadçılar ehtiyatlı mövqe sərgiləyirlər. Beynəlxalq reytinq agentlikləri, maliyyə qurumları və yerli iqtisadi institutların açıqladığı rəqəmlər qiymət artım tempinin zəifləyə biləcəyini göstərir. Lakin qlobal bazarlardakı dalğalanmalar, idxaldan asılılıq və daxili struktur problemlər fonunda “tam sabitlik” barədə danışmaq üçün hələ tez olduğu bildirilir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Paraqraf.com-a açıqlamasında deyib ki, qiymət dinamikasına təsir edən əsas amilləri və real bazar mühitinin rolunu və inflyasiyanın dayanıqlı şəkildə aşağı düşməsi üçün təkcə fiskal və monetar alətlər kifayət etmir, eyni zamanda azad və rəqabətli bazar mühitinin formalaşması da vacib şərtdir:

“Azərbaycanda 2026-cı il üçün inflyasiya ilə bağlı müxtəlif beynəlxalq və yerli qurumların proqnozları qiymətlərin sabitləşməsinə dair müəyyən gözləntilər yaradır, amma “tam sabitlik” demək üçün hələ erkəndir. Çox sayda proqnoza görə, inflyasiya 2026-cı ildə 2025-ə nisbətən bir qədər aşağı səviyyədə olacaq, yəni qiymət artımı sürətinin zəifləməsinə dair siqnallar var.
S&P Global inflyasiyanı 2026-cı il üçün orta hesabla təxminən 4,5 % səviyyəsində görür, əvvəlki proqnozlara nəzərən bu bir qədər yüksəlişdir, amma ümumilikdə nisbətən nəzarət altındadır. Bəzi agentliklər və banklar 2026-cı il üçün inflyasiyanı təxminən 5,3-5,5% ətrafında proqnozlaşdırır, digərləri isə daha aşağı – 3-4% civarında gözləyirlər. BMT isə 2026-cı il üçün təxminən 3,1% inflyasiya səviyyəsi proqnozlaşdırır. Yerli proqnozlara əsasən İqtisadiyyat Nazirliyi və Mərkəzi Bank da inflyasiyanın əvvəlki illərlə müqayisədə azalmağa meylli olacağını bildiriblər, lakin risklər qlobal bazar şərtləri, idxal qiymətləri və daxili xərc amillərindən asılı qalır. Ümumilikdə, qiymət artım tempinin yavaşlaması istiqamətində tendensiya görünür, amma “tam sabitlik” hələ də qlobal təsirlər və daxili şoklar səbəbindən tam təmin olunmur.
Optimal və ədalətli qiymətin formalaşması üçün fiskal və monitar cəhdlərlə yanaşı azad rəqabətli bazarın olması da vacib şərtdir. Çox təəssüf ki, bizdə həkə də iqtisadiyyatın əhəmiyyətli hissəsi müxtəlif növ (dövlət, oliqarx və təbii inhisarçılar) inhisarlar altındadır. Ona görə də hələ “tam sabitkəşmədən” danışa bilmirik”.
Ləman
Paraqraf.com
![]()
