İdrak liseyində baş verən hadisə ictimai müzakirə mövzusuna çevrilir və diqqət mərkəzində əsasən müəllim faktoru dayanır. Bu yanaşma hadisəni birtərəfli qiymətləndirməyə səbəb olur. Təhsil sistemi çoxşaxəli struktura malikdir və burada məsuliyyət yalnız müəllimin üzərinə düşmür. Məktəb rəhbərliyi, valideyn mövqeyi, şagird psixologiyası və ümumi sosial mühit bir-biri ilə sıx əlaqə təşkil edir.
Müəllim gündəlik fəaliyyətində yüksək emosional yük daşıyır. Sinifdə fərqli xarakterə, fərqli psixoloji duruma sahib şagirdlərlə ünsiyyət qurmaq ciddi enerji tələb edir. Tədris proqramının sıxlığı, zaman çatışmazlığı və nəticə yönümlü yanaşma müəllim üzərində əlavə təzyiq yaradır. Bu şəraitdə insan faktoru arxa plana keçir və müəllim mexaniki fəaliyyət göstərən fiqur kimi qəbul olunur. Halbuki müəllim də emosional reaksiyaya malik canlı insandır.

Psixoloji baxımdan uzunmüddətli stres diqqət dağınıqlığı, səbr azalması və emosional partlayış riskini artırır. Belə vəziyyətlərdə müəllimin davranışı ideal görünməyə bilər. Bu davranışın kökündə aqressiya yox, psixoloji yüklənmə dayanır. Əgər müəllim üçün psixoloji boşalma və dəstək mexanizmi mövcud deyilsə, gərginlik qaçılmaz hal alır.
Şagird psixologiyası da ayrıca təhlil tələb edir. Yeniyetməlik dövrü emosional dalğalanma ilə xarakterizə olunur. Özünü təsdiq ehtiyacı, avtoritetə qarşı müqavimət və sərhəd tanımama davranışları bu dövrdə daha qabarıq görünür. Ailə nəzarətinin zəifliyi və sosial medianın təsiri bu davranışları gücləndirir. Müəllim isə bu mürəkkəb psixoloji fonla sinif daxilində təkbaşına üzləşir.
Valideynlərin mövqeyi də vəziyyətə təsir göstərir. Bəzi hallarda valideyn müəllimi tərəfdaş yox, qarşı tərəf kimi qəbul edir. Bu yanaşma müəllimin nüfuzuna zərbə vurur və şagirdin davranışına dolayı təsir edir. Müəllimə hörmət olmayan mühitdə sağlam tədris prosesi formalaşmır.
Hadisənin təhlili zamanı cəza mərkəzli yanaşma problemin kökünü açmır. Əsas diqqət profilaktik tədbirlərə yönəlməlidir. Məktəbdə psixoloq fəaliyyəti gücləndirilməli, müəllimlər üçün emosional davamlılıq və streslə mübarizə proqramları tətbiq olunmalıdır. Valideyn–məktəb–şagird münasibətləri qarşılıqlı anlayış üzərində qurulmalıdır.
Müəllimi müdafiə etmək məsuliyyəti inkar etmək anlamı daşımır. Bu mövqe hadisəyə daha geniş prizmadan baxmaq niyyətini ifadə edir. Təhsil mühitində balanslı yanaşma olmadıqda oxşar problemlər yenidən ortaya çıxır. Sağlam məktəb modeli empati, psixoloji sabitlik və əməkdaşlıq üzərində dayanır.
Nəticə etibarilə müəllim təhsil sistemində əsas dayaq rolunu oynayır. Onu günah obyektinə çevirmək problemi həll etmir, əksinə dərinləşdirir. Hadisələrə emosional yox, analitik yanaşma cəmiyyət üçün daha faydalı nəticə verir.
Rəvanə Məmmədqızı
Təhsil Tədris Mərkəzinin təsisçisi və direktoru
![]()
