Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra bu ərazilərdə yaradılmış qondarma rejimin üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə yekunlaşıb. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və terrorçuluqdan qorumaq kimi suveren hüququnu həyata keçirib. Ərazilərimizdə qondarma rejim yaradaraq sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla ağır cinayətlərdə təqsirli bilinən şəxslər məsuliyyətə cəlb edilib.
Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır. Bu müddət ərzində heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirməyib.
Xalqımız XX əsrin sonlarından etibarən erməni hərbi birləşmələri tərəfindən hər cür zülm və işgəncələrə məruz qalıb və onların ədalət məhkəməsi qarşısına çıxarılacağı günü səbirsizliklə gözləyib. Qarabağda soyqırımları və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən kukla rejim rəhbərlərinin açıq keçirilən məhkəməsi beynəlxalq təşkilatların da diqqət mərkəzində olub.
Bu gün artıq “Əsrin məhkəməsi” yekunlaşıb. Məhkəmənin gedişində insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinən erməni qondarma rejim nümayəndələrinin törətdikləri vəhşi əməllərə bütün dünya yaxından şahidlik edib. Bu, tarixi hadisə kimi qiymətləndirilir və Nürnberq məhkəməsindən sonra ilk belə proses kimi dəyərləndirilir.
1987-ci ildən başlayaraq Qərbi azərbaycanlılar öz evlərini tərk etməyə məcbur edilib. Etnik təmizləmə siyasətinin növbəti mərhələsi kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub. 1992-ci il Xocalı soyqırımı bu dövrdə törədilmiş ən dəhşətli hadisələrdən biri hesab edilir. Xocalıda 613 dinc sakin, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, yüzlərlə insan yaralanıb və əsir götürülüb.
Beynəlxalq hüquq normalarına zidd olaraq mülki əhali məcburi köçürülüb, mülkləri talan edilib və insanlıq əleyhinə cinayətlər törədilib. Bu proseslər nəticəsində yüzlərlə azərbaycanlı həlak olub, yüz minlərlə insan, o cümlədən yüz minlərlə Qərbi azərbaycanlı ağır şərtlər altında qaçqın vəziyyətinə düşüb.
Azərbaycan dəfələrlə Ermənistan tərəfindən törədilən cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunmasını tələb edib. Azərbaycan cəmiyyəti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) bu cinayətləri araşdırması və məsul şəxsləri mühakimə etməsi ilə bağlı çağırışlar edilib. Lakin Qərbin siyasi riyakarlığı və ikili standartları bu məsələlərə göz yumub.
Ruben Vardanyanı, Arayik Harutyunyanı və digərlərini “əsir” adlandıran avropalı deputatlar və “beynəlxalq insan haqları təşkilatları” bu müharibə cinayətkarlarının azadlığa buraxılmasına çağırışlar ediblər. “Əsir” kimi təqdim olunan şəxslər müharibədən üç il sonra müxtəlif qanun pozuntuları, o cümlədən terrorçuluğun maliyyələşdirilməsi, dövlət sərhədinin qanunsuz keçilməsi, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunublar.
Qondarma xunta rejimi Azərbaycanın təbii sərvətlərini talan edib, qeyri-qanuni ticarət aparıb, əldə olunan gəlirləri isə Azərbaycan xalqına və dövlətinə qarşı terrorçuluq fəaliyyətində istifadə edib. Uzun illər Qarabağda mövcud olmuş erməni xunta rejimi mühakimə olunub. Nəticədə haqq-ədalət öz yerini tapıb.
Ötən illər ərzində toplanmış təkzibolunmaz sübutlar və faktlar əsasında Ermənistan silahlı qüvvələri, eləcə də qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan xalqına qarşı cinayətlər törətmiş terrorçu dəstələrin üzvləri layiqli cəzalarını alacaqlar.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
![]()
