Azərbaycan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (GCC) ölkələri ilə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə ümid edir.
Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Qoşulmama Hərəkatı Gənclər Həftəsi”ndə çıxışı zamanı deyib.
“Azərbaycan müsəlman qardaşlarımıza, o cümlədən ərəb dövlətlərinə münasibətdə hər zaman ardıcıl xarici siyasət yürüdüb. Bu gün bizim möhkəm ikitərəfli siyasi əlaqələrimizlə yanaşı, həm də fəal iqtisadi qarşılıqlı fəaliyyətimiz var. GCC daha sıx tərəfdaşlıq əlaqələri qurmağa ümid etdiyimiz mühüm platformadır”, – nazir müavini qeyd edib.
Y.Rəfiyev vurğulayıb ki, coğrafi mövqeyi sayəsində Azərbaycan Mərkəzi Asiya və Fars körfəzi ölkələri arasında körpü rolunu oynamaq iqtidarındadır. Bu xüsusda o xatırladıb ki, Azərbaycan bu yaxınlarda beş Mərkəzi Asiya dövləti ilə əməkdaşlıq formatına – bu gün “C6” formatında fəaliyyət göstərən “C5+”a qoşulub.
“Bu, müasir dünyada həm əlaqələrin gücləndirilməsi baxımından, həm də Mərkəzi Asiyadakı qardaşlarımızla bölüşdüyümüz ortaq dəyərlərin təsdiqi kimi son dərəcə vacibdir”, – o deyib.
Y.Rəfiyev qeyd edib ki, Mərkəzi Asiya ölkələri öz infrastruktur potensialını inkişaf etdirməyə davam edir, Azərbaycan isə öz nəqliyyat və logistika infrastrukturuna sərmayə qoyaraq beynəlxalq marşrutları Avropa İttifaqı və Çin kimi aparıcı oyunçular üçün daha da cəlbedici edir.
Paraqraf.com
![]()
