Bakı şəhəri, Nəsimi rayonu ərazisində – Memar Əcəmi metrosundan 4-cü mikrorayon istiqamətində, dairəyə çatmamış yolun ortasında kanalizasiya qapağının yanında təhlükəli vəziyyət yaranıb. Hadisə yerində yol örtüyünün ciddi şəkildə yararsız hala düşdüyü və bunun həm sürücülər, həm də piyadalar üçün real təhlükə yaratdığı bildirilir.
Paraqraf.com xəbər verir ki, sakinlərin sözlərinə görə, mövcud vəziyyət artıq faciə riskini qaçılmaz edir. Onlar hesab edirlər ki, aidiyyəti qurumların vaxtında müdaxilə etməməsi insan həyatına biganə yanaşmanın göstəricisidir.
“Bizim daha bir Cümşüdümüz yoxdur ki, səhlənkarlığın qurbanı olsun. Hər kəsin övladı, doğması ona əzizdir. Bu biganəliyin nəticəsi sabah kimin faciəsi olacaq – bunu düşünmüsünüzmü?” – deyə müraciətdə qeyd olunur.
Vətəndaşlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini və Nəsimi Rayon İcra Hakimiyyətini məsələni təcili nəzarətə götürməyə çağırır. Onlar bildirirlər ki, problem vaxtında həll olunmasa, baş verə biləcək hadisələrin məsuliyyəti birbaşa aidiyyəti qurumların üzərində qalacaq.
Müraciətdə həmçinin vurğulanır ki, məsələ təkcə vəzifə borcu deyil, eyni zamanda insanlıq borcudur:
“Vaxtında təmir etdirin. Vaxtında göstəriş verin. Vaxtında büdcə ayırın. Təmir edin – indi. Sonra gec olacaq”.
Qeyd edək ki, müraciəti edən şəxs əgər məsələ ilə bağlı yanlış mövqe tutduğunu sübut edən faktlar təqdim olunarsa, bu barədə ictimai açıqlama verməyə hazır olduğunu da bildirib.
Həsən Məmmədov
Paraqraf.com
![]()
