Fevralın 2-də Azərbaycanın tanınmış riyaziyyatçısı, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Yaqubovun doğum günü qeyd olunur.
Məmməd Haqverdi oğlu Yaqubov 2 fevral 1941-ci ildə Culfa rayonunun Milax kəndində anadan olub. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini fərqlənmə diplomu ilə bitirib. 1962–1965-ci illərdə ADU-da əyani aspiranturada təhsil alıb.
1966-cı ildə “Bir sinif inteqro-diferensial tənliklərin həllərinin davamı və dayanıqlığı haqqında” mövzusunda namizədlik, 1992-ci ildə isə “Paylanmış parametrli sistemlərdə optimal sürüşkən rejimlər və optimallıq üçün zəruri şərtlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Məmməd Yaqubov 1965-ci ildən etibarən Azərbaycan Dövlət Universitetinin Diferensial və inteqral tənliklər kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif illərdə assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. 1996-cı ildən bu günədək BDU-nun idarəetmə nəzəriyyəsi kafedrasının müdiri vəzifəsini icra edir. Onun elmi tədqiqatları əsasən qeyri-xətti tənliklər, optimal idarəetmə nəzəriyyəsi və paylanmış parametrli sistemlərə həsr olunub.
Professor Məmməd Yaqubov 120-dən çox elmi məqalənin, bir ali məktəb dərsliyinin, 7 orta məktəb dərsliyinin və 20-dən artıq dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi ilə riyaziyyat üzrə 16 fəlsəfə doktoru hazırlanıb.
Görkəmli alim “Əməkdar müəllim” fəxri adına layiq görülüb və “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan riyaziyyatçıları və tələbələri professor Məmməd Yaqubovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırlar.
Misir Mərdənov
Paraqraf.com
![]()
