Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə ilə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın prioritetlərini müzakirə edib.
Paraqraf.com-un məlumatına görə, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində Milli Məclisin üzvü Əlibala Məhərrəmzadə ilə səmərəli görüş keçirilib. Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlığının prioritetlərinə, Ukraynaya humanitar yardım və enerji dəstəyinə diqqət yetirdik. Həmrəyliyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk”,- o qeyd edib.
Diplomatın sözlərinə görə, danışıqlar zamanı 2025-ci ildə parlamentlərarası əməkdaşlığın nəticələri müzakirə edilib, 2026-cı il üçün birgə planlar müəyyənləşdirilib. Tərəflər Rusiyanın davam edən genişmiqyaslı hərbi təcavüzü şəraitində Ukraynanın dəstəklənməsi kontekstində Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinin zəruriliyi ilə bağlı ortaq baxışlarını təsdiqləyiblər.
“Rusiyanın hücumlarından əziyyət çəkən bölgələrdən olan ukraynalı uşaqların Azərbaycanda sağlamlıq, istirahət və reabilitasiya proqramlarının genişləndirilməsinə xüsusi diqqət yetirdik”, – o yazıb.
Y.Qusev, həmçinin ardıcıl və praktiki dəstəyə, o cümlədən Prezidenti İlham Əliyevin qərarı ilə 2026-cı ildə Ukrayna enerji sisteminin bərpası üçün lazım olan növbəti enerji avadanlığı partiyasının tədarükünə görə Azərbaycana minnətdarlığını bildirib.
“Eyni zamanda, Ukrayna xarici işlər naziri Andrey Sibiqa tərəfindən irəli sürülən “Ukrayna üçün İstilik” (#WarmthForUkraine) təşəbbüsünün həyata keçirilməsində fəal iştirakına görə Azərbaycan xalqına təşəkkür etdim. Bu təşəbbüs çərçivəsində artıq 40-dan çox müxtəlif gücdə generator toplanıb və yaxın zamanda Ukraynaya çatdırılacaq”, – paylaşımda qeyd edilib.
Görüşün nəticəsinə görə, tərəflər ikitərəfli əməkdaşlığı daha da gücləndirmək üçün konkret addımlar barədə razılığa gəliblər.
Paraqraf.com
![]()
