ABŞ-nin vitse-prezidenti C.D. Vens fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media platforması olan “Truth Social”da yazıb.
Qeyd edək ki, yüklsək səviyyəli ABŞ rəsmisinin 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcəyi barədə məlumatı ilk dəfə ötən il dekabrın 24-də politoloq Suren Sarkisyan açıqlamışdı.
Erməni politoloq ABŞ rəsmisinin formal olaraq “TRIPP layihəsi”nin açılışında iştirak edəcəyini demişdi. Çox güman ki, Sarkisyan bu məlumatı Ermənistan hakimiyyətindəki mənbələrdən əldə edib.
Az sonra isə həm Ermənistan, həm də Azərbaycan mediasında “Tramp marşrutu”nun təməlqoyma prosesində iştirak etmək üçün bölgəyə gələcək şəxsin vitse-prezident Ceyms Devid Vens və ya Dövlət katibi Mayko Rubio olacağına dair məlumatlar yayıldı.
Artıq ABŞ Prezidenti özü bu xəbəri təsdiqləyib və İrəvana və Bakıya səfər edəcək dövlət rəsmisinin C.D.Vens olacağını bildirib.
Vensin Prezident Trampdan sonra ABŞ hakimiyyətində ikinci yüksək səviyyəli şəxs olduğunu nəzərə alsaq, Azərbaycana və Ermənistana səfər üçün vitse-prezidentin seçilməsi Vaşinqtonun postsovet məkanı ilə bağlı siyasətində Cənubi Qafqaza, o cümlədən Zəngəzur dəhlizinə kifayət qədər böyük əhəmiyyət verdiyini göstərir.
Yəni Donald Trampın Bakıya və İrəvana Dövlət katibi Mayko Rubionu və ya xüsusi nümayəndəsi Stiv Uitkofu deyil, məhz vitse-prezidenti göndərmək qərarı Cənubi Qafqazın ABŞ-nin xarici siyasət strategiyasında prioritet yerlərdən birini təşkil etdiyini deməyə əsas verir.
Ceyms Devid Vensin Ermənistana və Azərbaycana səfəri iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesini, eyni zamanda kommunikasiyaların açılmasını sürətləndirə bilər.
Xatırladaq ki, Ermənistan tərəfi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun inşasına 2026-cı ilin ikinci yarısında başlanacağını deyib. Artıq “Tramp marşrutu”nun idarə olunması məqsədilə Ermənistan və ABŞ “TRIPP Development” adlı birgə şirkət də təsis ediblər.
Birinci 49 illik müddət ərzində şirkətin səhmlərinin 76 faizi ABŞ-nin, 24 faizi isə Ermənistanın payına düşəcək. Razılaşmanın ikinci müddətə 50 il uzadılmasından sonra Ermənistanın payı 49 faizə qədər artacaq.
Vensin səfərinə qədər şirkətin Ermənistanda və ABŞ-də hüquqi qeydə alınması proseduru yekunlaşa bilər. Çox güman ki, ABŞ vitse-prezidentinin Ermənistana səfəri zamanı Zəngəzur dəhlizindən keçən dəmir yolu və avtomobil yolunun inşası ilə bağlı ilkin işlərə başlanılacaq.
Yəni “TRIPP layihəsi”nin icrasına 2026-cı ilin payız aylarında deyil, fevralında start verilə bilər. Bu da “Orta dəhliz”ə və onun əsas komponenti olan Zəngəzur dəhlizinə nəzarət məsələsinin Tramp administrasiyası üçün nə qədər strateji əhəmiyyət daşıdığını göstərir.
Ona görə də Vensin səfəri Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən nqəliyyat-ticarət dəhlizələrinə nəzarət uğrunda ABŞ, Rusiya, Çin, Avropa İttifaqı, Britaniya kimi geosiyasi “oyunçu”lar arasında hazırda daha çox sakit şəkildə müşahidə olunan rəqabətin daha aktiv mərhələyə keçməsinə səbəb ola bilər.
Prezident Trampın açıqlaması Ceyms Devid Vensin Ermənistana və Azərbaycana səfər proqramının daha zəngin olduğunu və yalnız “TRIPP layihəsi” ilə yekunlaşmadığını göstərir.
“Vitse-prezident Vens sülh səylərimizi inkişaf etdirmək və “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu”nu irəlilətmək üçün fevral ayında hər iki ölkəyə səfər edəcək. Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcək, Ermənistanla əla mülki nüvə əməkdaşlığı müqaviləsi imzalayacaq, ən böyük yarımkeçirici istehsalçılarımızla müqavilələr bağlayacaq və Azərbaycana ABŞ istehsalı olan müdafiə avadanlıqları, məsələn, zirehli gödəkcə, qayıqlar və daha çox şey satacağıq”, – deyə Tramp əlavə edib.
Prezident Trampın paylaşdığı xəbər Vensin Baş nazir Nikol Paşinyanla Ermənistanla dinc məqsədlərlə nüvə enerjisindən istifadə sahəsində əməkdaşlıq müqaviləsi imzalayacağını göstərir.
Əslində, söhbət yalnız tibb sahəsində nüvə texnologiyasının tətbiqindən getmir. ABŞ xeyli müddətdir ki, Ermənistana modul tipli nüvə enerjisi stansiyalarının inşasını təklif edir.
Qapalı danışıqlarda ABŞ-nin və Avropa İttifaqının Nikol Paşinyandan Metsamor Atom Elektrik Stansiyasını bağlamağı tələb etdiklərinə dair məlumatlar var. Məqsəd isə Rusiyanın Cənubi Qafqazda strateji mövcudluğunu təmin edən AES-i bağlamaq və Moskvanın regiondakı fəaliyyətinə son qoymaqdır.
Bu, Rusiyanın enerji asılılığından, həm siyasi, həm də iqtisadi təsirlərindən xilas olmağa çalışan Paşinyanın maraqlarına cavab verir. Ona görə də ABŞ şirkətinin Ermənistanda AES inşa etməsinə dair razılaşma Rusiya ilə münasibətlərdə gərginliyə səbəb olacaq.
Azərbaycanla imzalanacaq müqavilələrə gəlincə, yəqin ki, Tramp sosial şəbəkədə bunun çox kiçik bir hissəsini açıqlayıb. Görürünür ki, Vensin Bakıya səfəri zamanı ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni müqavilənin imzalanması nəzərdə tutulur.
Hətta bu sənədi imzalamaq səlahiyyətinin vitse-prezidentə həvalə edilıməsi onun kifayət qədər yüksək əhəmiyyətə malik olduğunu təsdiq edir. Razılaşma çəçivəsində ABŞ-nin Azərbaycana müdafiə silahları satacağı aydın olur. Bu isə Azərbaycan Ordusunun hərbi qüdrətini artırmaqla yanaşı, silahlı qüvvələrin NATO standrtlarına uyğunlaşdırılmasını sürətləndirəcək.
Lakin ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavə bu sazişi imzalamağa mane olur. Ötən il avqustun 8-də Azərbaycan və ABŞ prezidentlərinin apardığı danışıqlardan sonra Donald Tramp 907-ci düzəlişin icrasını birdəfəlik dayandırıb. Ötən ilin dekabr ayında həmin sənəd hüquqi xitam verilməsi üçün Konqresin müzakirəsinə təqdim edilib.
Vitse-prezident Vensin imzalayacağı sənədlərin məzmununa müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daxil edilməsi fevral ayına qədər 907-ci düzəlişin ləğvinə dair qərarın çıxarılacağını göstərir.
Müşfiq Abdulla
Paraqraf.com
![]()
