21 yanvar 2026-cı il tarixində Bakı şəhərində “Dezinformasiya qlobal səviyyədə və Azərbaycan kontekstində ən ciddi təhdidlərdən biri kimi” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbir Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə baş tutub.
Tədbirdə çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli Dünya İqtisadi Forumunun bu ay Davosda təqdim olunan Qlobal Risklər Hesabatına istinad edib. Hesabata əsasən, dezinformasiya və saxta xəbərlər 2026-cı ildə Azərbaycan üçün əsas risklərdən biri olmaqla yanaşı, eyni zamanda qlobal miqyasda ciddi təhlükə kimi qiymətləndirilir.
R.İsgəndərli bildirib ki, dezinformasiya artıq yalnız informasiya mühitinə deyil, sosial sabitliyə, dövlət–vətəndaş münasibətlərinə və demokratik institutlara yönəlmiş sistemli təhlükəyə çevrilib. O vurğulayıb ki, vətəndaş cəmiyyəti bu proseslərdə daha ayıq-sayıq olmalı, yalan məlumatların ifşasında və yayılmasının qarşısının alınmasında fəal rol oynamalıdır. “Dünya İqtisadi Forumunun dezinformasiyanı Azərbaycan üçün əsas risklərdən biri kimi qeyd etməsi ciddi xəbərdarlıq siqnalıdır. Bu ictimai müzakirənin təşkil olunmasının əsas səbəbi də məhz budur”, – deyə o qeyd edib.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli çıxışında dezinformasiya təhdidlərinin qlobal miqyasda artdığını, sosial media platformalarının bu təhlükələrin əsas yayılma məkanına çevrildiyini bildirib. O vurğulayıb ki, dövlət səviyyəsində güclü siyasi iradə mövcud olsa da, dezinformasiyaya qarşı mübarizədə cəmiyyətin ayıqlığı, media savadlılığı və yüksək intellektual səviyyə həlledici amillərdir.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid media qurumlarının Azərbaycan Jurnalistlərinin Peşə Etikası Kodeksinə ciddi şəkildə əməl etməsinin vacibliyini önə çəkib. O bildirib ki, jurnalistikanın əsas missiyası həqiqətin yayılmasıdır və obyektivlik bu peşənin fundamental standartıdır. Bu prinsiplərə sadiqlik dezinformasiyaya qarşı mühüm qoruyucu mexanizm rolunu oynayır və sosial media fəalları üçün də müsbət nümunə yarada bilər.
Tədbir çərçivəsində dezinformasiyanın müxtəlif aspektlərini əhatə edən tematik sessiyalar keçirilib. “Süni intellektlə yaradılan saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri” mövzusunda sessiyada İnnovativ Media Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli bu texnologiyaların informasiya manipulyasiyası baxımından yaratdığı yeni risklərə diqqət çəkib.
“Sosial mediada dezinformasiyaya qarşı ictimai maarifləndirmədə QHT-lərin rolu və media savadlılığının gücləndirilməsi” mövzusunda sessiyada Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Rəhim oğlu və İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə vətəndaş cəmiyyətinin nəzarət mexanizmləri ilə bağlı fikirlərini bölüşüblər.
“Azərbaycana qarşı hibrid təhdidlər və informasiya müharibəsinin geosiyasi ölçüləri” adlı sessiyada Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədri Sənan Nəcəfov qlobal miqyasda hibrid təhdidlərin genişlənən və dəyişən formalarından bəhs ediblər.
“Dezinformasiyanın regional dinamikası: Qlobal Cənub və Türk dünyasının təcrübəsi” mövzusunda sessiyada Milli Məclisin deputatı, Türk Dövlətləri QHT Platformasının baş katibi Azər Allahverənov Türk dünyasında informasiya məkanında koordinasiyalı fəaliyyətin strateji əhəmiyyətini vurğulayıb. Qlobal Cənub QHT Platformasının Katibliyini təmsil edən Fuad Kərimov isə Qlobal Cənub ölkələrində dezinformasiyanın fəsadlarından danışaraq, aşağı rəqəmsal savadlılıq, süni intellekt sistemlərində yerli dillərin zəif təmsil olunması və texnoloji resurs çatışmazlığının bu təsirləri daha da gücləndirdiyini qeyd edib.
Tədbirin sonunda Azərbaycan Milli QHT Forumunun cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mövzularda ictimai müzakirələrin təşkili istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.


Həsən
Paraqraf.com
![]()
