AQDİM-in nümayəndə heyəti “Master. CC. Academy”yə səfər edib. Görüşdə AQDİM-in İdarə Heyətinin sədri Fuad Rəsul, mərkəzin icraçı direktoru Kamil Hüseynov və “Master. CC. Academy”nin rəhbəri Carullazadə Carulla iştirak ediblər.
Görüş zamanı sosial məsuliyyət, inklüzivlik və həssas əhali qruplarının cəmiyyətə inteqrasiyası istiqamətində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin ödənişsiz peşə kurslarına cəlb olunması məsələsi müzakirələrin əsas mövzularından biri olub.
Layihə çərçivəsində bu şəxslərin, xüsusilə aşpazlıq sahəsində peşə bacarıqlarına yiyələnməsi, bilik və səriştələrinin artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur. Təşəbbüsün əsas məqsədi onların gələcəkdə işlə təmin olunmasına dəstək göstərmək və maddi rifah hallarının yaxşılaşdırılmasına töhfə verməkdir.
Görüşün sonunda tərəflər bu kimi sosial yönümlü layihələrin icrasının vacibliyini vurğulayaraq, gələcəkdə birgə əməkdaşlığın davam etdirilməsi barədə razılıq ifadə ediblər.
Paraqraf.com
![]()
