Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirib.
Agentliyin məlumatına görə, dağlıq və dağətəyi ərazilərdən keçən respublika və yerli əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi, həmçinin buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər gecə boyu və səhər saatlarında fasiləsiz həyata keçirilib.
Qarın intensiv yağdığı və buzlaşmanın yarandığı ərazilərə xüsusi texnikalar – qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib.
Hazırda AAYDA-nın yol istismar idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yol şəraitindən asılı olaraq qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.
Sürücülərə hava şəraitini nəzərə almaq, qış mövsümünə uyğun təkərlərdən istifadə etmək, sürət həddinə riayət etmək və xüsusilə çətin relyefli ərazilərdə diqqətli olmaq tövsiyə olunur.
Həsən
Paraqraf.com
![]()
