Bakı Dövlət Universitetində (BDU) “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlərə, bu sahədəki tarixi xidmətlərinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, “REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov çıxış edərək audiovizual mediada ədəbi dil normalarının qorunmasının vacibliyindən danışıblar.
Çıxışlarda müasir media mühitində Azərbaycan dilinin saflığının qorunması, televiziya və radio verilişlərində dil mədəniyyətinin yüksəldilməsi, aparıcı və jurnalistlərin məsuliyyəti kimi məsələlər xüsusi vurğulanıb.
Konfransın sonunda “Televiziya nitqində özünü göstərən bəzi problemlər”, “Teleradio verilişlərində xarakterik dil nöqsanları və onların aradan qaldırılması yolları”, “Gənclərdə nümunəvi nitqin formalaşmasında audiovizual media məzmununun rolu” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.





Ləman
Paraqraf.com
![]()
