Bayramlar tarix boyu insanların həyatında xüsusi yer tutmuş, ümidin, birliyin və yeni başlanğıcların simvolu olmuşdur. İstər dini, istər milli, istərsə də yeni ilin gəlişi ilə bağlı olan bayramlar insanlara ruhən istirahət imkanı verir, onları gündəlik həyatın çətinliklərindən bir müddət uzaqlaşdıraraq pozitiv hisslər aşılayır.
Lakin son illərdə insanların bayramlara qarşı əvvəlki qədər həyəcan və maraq göstərmədiyi müşahidə olunur. Sosial şəbəkələrdə, gündəlik həyatda, hətta ailə daxilində belə bu ruhun zəiflədiyini hiss etmək mümkündür. Əksər insanlar bayramların yaxınlaşmasını sevinc və həyəcanla qarşılamaq əvəzinə, passivlik və ümidsizlik hissinə qapılır.
Bəs insanların bayram əhval-ruhiyyəsi niyə əvvəlki kimi yüksək deyil?
Məsələ ilə bağlı tanınmış psixoloq Gülnar Orucova “Paraqraf.com”-a açıqlamasında bildirib ki, son illər insanlar bayram əhval-ruhiyyəsindən uzaqlaşıblar:
“Bunun əsas səbəblərindən biri reallıqla gözləntilər arasında yaranan uçurumdur. İnsanlar hər bayramdan yeniliklər, möcüzələr gözləyir. Lakin bu gözləntilər reallaşmayanda ümidlərini itirir, pessimistləşirlər. Nəticədə bayramı qeyd etmək istəyi də azalır. Digər səbəblər isə son dövrlərdə baş verən itkilər, fəlakətlər və müharibələrdir. Bu hadisələr insanların ümumi əhval-ruhiyyəsinə ciddi təsir göstərir. Gündəlik həyatın stresi, şəxsi problemlər və maddi çətinliklər insanları həm fiziki, həm də emosional cəhətdən yorur”.
Psixoloq qeyd edib ki, insanların stresə dözümlülük səviyyəsi də xeyli aşağı düşüb:
“Ən əsas səbəblərdən biri müqayisə hissidir. İnsanlar sosial mediada gördükləri dəbdəbəli, təntənəli həyatları öz həyatları ilə müqayisə edir və kiçik sevinc anlarını dəyərsiz sayırlar. Evində sadə bir yolka qurmaqdan belə çəkinirlər, çünki başqalarının daha gözəl dekorasiyalarını görürlər. Halbuki bu, yanlış yanaşmadır. İnsanlar kiçik hədiyyələrlə də xoşbəxt ola bilərlər. Əsas olan ümidlə yeni ilə qədəm qoymaqdır. Möcüzələrə inanmaqla yanaşı, onları reallaşdırmaq üçün addım atmaq da vacibdir”.
Gülnar Orucovanın sözlərinə görə, bayramlar dəyişməyib, dəyişən insanlardır:
“İnsanlar daxildən çox şey itiriblər. Emosional tükənmə, davamlı yorğunluq və stress onları elə bir vəziyyətə salıb ki, artıq bayramların ruhunu hiss edə bilmirlər. Gündəlik problemlər və qayğılar sevinci, ümidi və bayram coşqusunu kölgədə qoyur. Halbuki bayramlar eyni bayramlardır, sevinc və birlik üçün bir səbəbdir. Onları yaşamaq üçün əvvəlcə daxili yüklərdən azad olmaq və kiçik şeylərdə də xoşbəxtlik tapmağı öyrənmək lazımdır”.
Ləman
Paraqraf.com
![]()
