Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyi tərəfindən Zəfərimizin 5 illiyi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Yeni ilə, yeni uğurlarla” adlı bayram tədbiri keçirilib.
Tədbirdə tanınmış ziyalılar, ictimai xadimlər, müəllimlər, həkimlər və iş adamları iştirak ediblər. Bayram tədbiri milli birlik, həmrəylik və mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbirdə Bakı Dövlət Universitetinin Milli Mətbuat kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək iştirakçı xanımları Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. O, mətbuatımızın ağsaqqalı kimi ilk dəfə yalnız xanımların iştirak etdiyi bir tədbirdə olduğunu və bundan məmnunluq duyduğunu qeyd edib.
Bayram tədbirində incəsənət nümayəndələri, Xalq artistləri Zemfira Nərimanova və Azad Şükürov da iştirak ediblər. Xalq artisti Azad Şükürov xanımların könlünü oxşamaq məqsədilə şair Nüsrət Kəsəmənlinin “Etiraf” şeirini səsləndirib.
Xalq artisti Zemfira Nərimanova isə çıxış edərək Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbərliyinə və komandasına təşkil etdikləri maraqlı və mənalı tədbirlərə görə təşəkkürünü bildirib.
Tədbir musiqi nömrələri, şeirlər, rəqslər və səmimi bayram ab-havası ilə yadda qalıb, iştirakçılara xoş ovqat bəxş edib.


Aytac
Paraqraf.com
![]()
