“Bakı Metropoliteni” QSC-nin maliyyə göstəricilərində zərərin ildən-ilə sürətlə artması ictimai narahatlıq doğurur. Rəsmi hesabatlara əsasən, metronun zərəri son üç ildə iki dəfədən çox artıb ki, bu da xərclərin strukturu, idarəetmənin səmərəliliyi və maliyyə şəffaflığı ilə bağlı ciddi suallar yaradır.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli Paraqraf.com-a açıqlamasında bildirib ki, rəsmi maliyyə hesabatlarında zərərin artması açıq şəkildə görünür:

“Lakin bu zərərin konkret olaraq hansı xərclər hesabına formalaşdığı ictimaiyyətə açıqlanmır. Hesabatlarda yalnız ümumi rəqəmlər yer alır, xərclərin strukturu isə qapalı qalır. Bu da şəffaflıq problemini dərinləşdirir. Zərərin artım tempi normal iqtisadi göstəricilərlə izah edilə bilməz. 2022-ci ildə 65 milyon manat, 2023-cü ildə 77 milyon manat olan zərərin 2024-cü ildə 139,6 milyon manata çatması sosial nəqliyyat arqumenti ilə əsaslandırıla bilməz. Xüsusilə bəzi xərc istiqamətləri üzrə risklər daha yüksəkdir. Ən problemli sahələr təmir və texniki xidmət, satınalmalar, tenderlər və amortizasiya xərcləridir. Bu istiqamətlər üzrə açıq və detallı məlumatların olmaması korrupsiya risklərini artırır”.
Ekspert sərnişin daşınmasının maya dəyərinə də diqqət çəkib:
“Hazırda Bakı metrosunda bir sərnişin üçün gedişin maya dəyəri təxminən 1,10–1,15 manatdır. Bu göstərici Tiflis və İstanbul metroları ilə müqayisədə daha yüksəkdir. Artan xərclər real dəyişikliklərlə müşayiət olunmur. Son illərdə yeni metrostansiyalar istismara verilməyib, vaqon parkının köklü yenilənməsi ilə bağlı da ictimaiyyətə aydın məlumat təqdim edilməyib”.
Razi Abbasbəyli hesab edir ki, metronun dövlət qarşısında hesabatlılığı artırılmalıdır:
“Dövlət büdcəsindən dotasiya alan və eyni zamanda gediş haqqı artırılan bir qurum yaranan zərərin konkret olaraq hansı xərclərdən formalaşdığını açıqlamalıdır. Əks halda bu, idarəetmədə ciddi problemlərin mövcudluğunu göstərir”.
Aytac
Paraqraf.com
![]()
