Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanın ət idxalında artım qeydə alınıb. Rəsmi statistikaya görə, bu dövrdə ölkəyə müxtəlif ölkələrdən ümumilikdə 1,97 milyon ABŞ dolları dəyərində 310,33 ton qoyun əti idxal edilib. Statistik göstəricilərdə bəzi ölkələrin adlarının yer alması isə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı “Paraqraf.com”-un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Somalidən Azərbaycana kommersiya məqsədli, yəni satış, ticarət, iaşə obyektlərində istehlak və ya realizə üçün ət idxal edilmir.
Qeyd olunub ki, 13.10.2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında Səudiyyə Ərəbistanından Somali mənşəli heyvanın qurban ətindən ibarət humanitar yük (1 710 qutu, 46 500 kq) yardım məqsədilə ölkəyə gətirilib və paylanıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
