Xəbər verdiyimiz kimi, tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb olunaraq polis nəzarətinə götürülüb.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Paraqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzin əsas məqsədlərindən biri imtahanlarda hər kəs üçün bərabər və ədalətli şəraitin təmin edilməsidir.
Qeyd olunub ki, DİM tərəfindən keçirilən imtahanlar qaydalara uyğun, obyektiv və şəffaf şəkildə təşkil olunur, nəticələrin emalı isə xüsusi yoxlama alqoritmləri və intellektual sistemlər vasitəsilə həyata keçirilir. Buna baxmayaraq, bəzi şəxslər imtahanlarda qeyri-qanuni yollarla “uğur” qazanmağa cəhd göstərirlər.
Bu il keçirilən buraxılış və qəbul imtahanlarında bəzi abituriyentlərin cavablarında şübhə yarandığı üçün xüsusi araşdırmalar aparılıb. Növbəti imtahanlarda nəzarət gücləndirilib və Gəncədə keçirilən qəbul imtahanında gizli texniki vasitələr aşkarlanıb.
17 iyun 2025-ci il tarixində şübhəli nəticələr və aşkar edilən texniki vasitələrlə bağlı materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Araşdırmalar zamanı qanunsuz texniki vasitələrin hazırlanması və istifadəsi ilə məşğul olan şəbəkə ifşa edilib. DİM bu cinayət işində zərərçəkmiş tərəf kimi tanınıb.
İstintaq nəticəsində Gündüz Abbasov və Kamran Əsədovun abituriyentlərə qadağan olunmuş texniki vasitələr vasitəsilə kömək göstərmək üçün pul aldıqları müəyyən edilib. Toplanmış sübutlara əsasən, Gündüz Abbasov barəsində həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Məhkəmənin baxış iclası 19 dekabr saat 15:00-a təyin olunub.
DİM bildirib ki, bu cür qayda pozuntuları imtahan sisteminin etibarlılığına və minlərlə abituriyentin ədalətli rəqabət hüququna zərər vurur. Qanunvericiliyə əsasən, imtahan zamanı qadağan olunmuş vasitələrdən istifadə edən abituriyentlərin nəticələri aşkar edildiyi mərhələdən asılı olmayaraq ləğv edilir.
Araşdırmalar davam edir.
Paraqraf.com
![]()
