Müasir dövr rəqəmsal texnologiyalarla sıx əlaqədə olmağı tələb edir. Texnoloji vasitələrdən böyüklərlə yanaşı, uşaqlar da geniş şəkildə istifadə edirlər. Xüsusilə son dövrlərdə uşaqlar “ChatGPT”dən daha çox yararlanırlar. Bəzi hallarda isə dərslərini hazırlayarkən də süni intellektə müraciət edirlər.
Təhsil eksperti Elçin Süleymanov Paraqraf.com-a açıqlamasında bildirib ki, müasir dövrdə texnologiyanın və süni intellektin inkişafı insanların həyatına müəyyən rahatlıqlar gətirib:

“Lakin süni intellektdən bütün sahələrdə istifadə edilməsi müəyyən fəsadlara yol aça bilər. Orta məktəb şagirdlərinin dərslərini süni intellekt vasitəsilə hazırlaması onların tədris fəaliyyətinə mənfi təsir göstərir. Valideynlər övladlarının süni intellektdən hansı məqsədlərlə istifadə etdiklərinə xüsusi diqqət yetirməlidirlər”.
Ekspert əlavə edib ki, süni intellektdən tapşırıqların redaktəsi və ya mətnin planının hazırlanması məqsədilə istifadə etmək məqbul sayıla bilər:
“Lakin riyazi məsələlərin birbaşa cavabını süni intellektdən almaq düzgün deyil. Bu cür hallar müəllimlərin işini də çətinləşdirir. Əgər müəllim şagirdin dərs hazırlayarkən ‘ChatGPT’dən istifadə etdiyini hiss edərsə, bu məsələ şagird və valideynlə birgə müzakirə olunmalıdır. Çünki imtahan zamanı ‘ChatGPT’ şagirdin yanında olmayacaq. Süni intellektdən yalnız bilik və bacarıqların artırılması məqsədilə istifadə olunmalıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
