65 yaşına çatan şəxslərin işdən azad edilməsi məsələsi son dövrlərdə ictimai müzakirələrin mərkəzinə çevrilib. Əmək bazarında yaş amilinə yanaşma, peşəkar təcrübənin qorunması və sosial təminatların gücləndirilməsi fonunda bu yaş həddinə çatmış şəxslərin avtomatik olaraq işdən çıxarılıb-çıxarılmaması ilə bağlı suallar aktuallaşıb.
İnsan resursları üzrə mütəxəssis və təlimçi Nigar Temrazova “Paraqraf.com”-a bildirib ki, bu məsələ dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın yaş həddinin maksimum 65 olması ilə bağlıdır:

“Əgər işçi dövlət büdcəsindən maliyyələşən bir təşkilatda çalışırsa, 65 yaşını tamamladıqda bunun onun son iş günü olduğunu bilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatda çalışmanın yaş həddinə çatması səbəbilə işdən azad edilir. Hamı 65 yaşına çatanda işdən azad olunmur. İstisnalar var: əgər şəxs yüksək təcrübəyə malikdirsə və şirkət üçün əvəzolunmaz kadrdırsa, işəgötürən onun əmək müqaviləsinin müddətini 70 yaşadək uzada bilər. Bu, hər iki tərəfin razılığı əsasında həyata keçirilir”.
Mütəxəssis əlavə edib ki, işəgötürən hər işçi üçün əsaslandırma aparmadan müqavilənin müddətini uzada bilməz:
“Bununla bağlı qanunvericilikdə limit mövcuddur. Belə ki, 65 yaşdan 70 yaşadək müqaviləsi uzadılan şəxslərin sayı müəssisədə çalışan işçilərin ümumi sayının 2 faizindən çox olmamalıdır. Bu qayda yalnız dövlət müəssisələrinə aiddir. Özəl təşkilatlarda isə çalışmanın yaş limiti müəyyən edilməyib”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
