“Cənubi Amerika tarixində ən böyük donanma Venesuelanı tamamilə mühasirəyə alıb”.
Bu fikirləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.
“Onlar bütün nefti, torpağı və daha əvvəl bizdən oğurladıqları digər aktivləri ABŞ-yə qaytarmayana qədər armada yalnız böyüyəcək və indiyədək görmədikləri qədər ağır zərbə alacaqlar”, – deyə Tramp qeyd edib.
Politoloq Züriyə Qarayeva “Paraqraf.com”a açıqlamasında bildirib ki, ABŞ Prezidentinin Venesuela ilə bağlı sərt ritorikası real müharibə hazırlığından daha çox psixoloji təzyiq və məcburedici diplomatiya aləti təsiri bağışlayır:

“ABŞ–Venesuela münasibətləri uzun illərdir sanksiyalar, iqtisadi təzyiqlər və qarşılıqlı ittihamlar üzərində qurulub. Buna baxmayaraq, birbaşa hərbi qarşıdurma indiyədək Vaşinqton üçün son seçim kimi saxlanılıb. Venesuela hərbi baxımdan ABŞ üçün ciddi təhlükə yaratmasa da, Latın Amerikasında açıq müharibə Vaşinqtonun regional imicinə, müttəfiqlərlə münasibətlərinə və daxili siyasi balansına ciddi zərbə vura bilər. Bu baxımdan Trampın açıqlamaları Karakas rəhbərliyini güzəştə məcbur etməyə və eyni zamanda daxili auditoriyaya güc nümayiş etdirməyə hesablanmış ritorika kimi qiymətləndirilə bilər”.
Politoloqun sözlərinə görə, mümkün ABŞ–Venesuela qarşıdurmasının Rusiya–Ukrayna müharibəsinə dolayısı təsiri də istisna edilmir:
“Belə bir eskalasiya ABŞ-nin diqqətini və resurslarını iki fərqli geosiyasi istiqamətə bölə bilər ki, bu da Vaşinqtonun Ukraynaya fokuslanma imkanlarını zəiflədər. Bu vəziyyət Moskva üçün müəyyən manevr imkanları yarada, xüsusilə diplomatik və informasiya müstəvisində Rusiyanın əlini gücləndirə bilər. Digər tərəfdən, Rusiya Venesuelanı açıq hərbi müstəvidə müdafiə edəcək nə gücdə, nə də maraqdadır. Lakin ABŞ-nin yeni cəbhəyə cəlb olunması Kremlin strateji planlamasında əlavə rahatlıq yarada bilər. Yəni Latın Amerikasında mümkün gərginlik Ukrayna cəbhəsinə birbaşa deyil, dolayısı və taktiki təsirlər göstərə bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
