Müasir dövrdə təhsil sistemi sürətlə dəyişir və ənənəvi, fənn əsaslı yanaşma artıq kifayət etmir. Elm və təhsil naziri Emin Əmrullayevin də vurğuladığı kimi, müasir təhsil yeni tələblər irəli sürür və bu prosesə süni intellekt kimi innovativ alətlərin cəlb edilməsi qaçılmazdır. Nazir eyni zamanda təhsilin məzmunu ilə müəllimlərin əməkhaqqı arasında birbaşa əlaqə olduğunu qeyd edərək, tədrisin keyfiyyəti məsələsini ön plana çıxarır. Bu isə müəllimin məsuliyyəti, şagirdin nəticəsi və əməkhaqqının ədalətli olub-olmaması ilə bağlı ciddi müzakirələrə səbəb olur.
Təhsil eksperti Rizvan Fikrətoğlu “Paraqraf.com”a bildirib ki, şagirdin dərsi mənimsəməməsinin məsuliyyətini yalnız müəllimlə əlaqələndirmək etik baxımdan doğru deyil:

“Təhsil çoxamilli sistemdir. Yəni təhsil təkcə müəllimdən ibarət deyil. Şagirdin nəticəsi yalnız müəllimin peşəkarlığı və metodikasından asılı olmur. Burada şagirdin motivasiyası, psixoloji durumu, ailə dəstəyi və sosial mühit kimi amillər də mühüm rol oynayır. Bu amillərdən hər hansı biri zəifdirsə, nəticə də zəifləyəcək. Buna görə də məsuliyyəti yalnız müəllimlə əlaqələndirmək doğru yanaşma deyil.
Müəllimin məsuliyyəti mövzunu aydın, metodik və yaş səviyyəsinə uyğun izah etmək, qiymətləndirməni isə obyektiv aparmaqdır. Əgər müəllim bu öhdəlikləri yerinə yetirirsə, lakin şagird yenə də nəticə göstərmirsə, burada artıq müəllimin günahından deyil, fərdi və sistemli problemlərdən danışmaq lazımdır”.
Ekspert əlavə edib ki, müəllimlərin əməkhaqqı görülən işə, peşəkar məsuliyyətin icrasına və tədris prosesinin keyfiyyətinə uyğun ödənilməlidir:
“Əgər əməkhaqqı yalnız yekun nəticəyə görə müəyyənləşdirilərsə, müəllim zəif sosial mühitdən gələn şagirdlərdən imtina edə və ya formal olaraq qiymətləri şişirdə bilər. Bu isə təhsilin mahiyyətinə ziddir. Çıxış yolu ədalətli modelin tətbiqidir. Bu modelin əsasında isə baza maaşı dayanmalıdır”.
Rizvan Fikrətoğlu qeyd edib ki, süni intellekt şagirdin inkişaf dinamikasını daha obyektiv ölçməyə imkan verir:
“Bu yanaşma müəllimi günahlandırılan tərəf deyil, təhlil aparan tərəf kimi formalaşdırır. Müəllim yeni metodlardan istifadə etməklə tədris prosesini daha səmərəli qura bilir. Şagirdin dərsi mənimsəməməsi müəllimin maaşının ədalətsizliyinə əsas ola bilməz. Ədalətli təhsil sistemi müəllimi cəzalandıran deyil, dəstəkləyən sistem olmalıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
