Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 166 nömrəli məktəb-liseydə şagirdlər və pedaqoji kollektivlə maarifləndirici görüş keçirilib.
“Sosial risk qrupuna aid olan uşaqların cəmiyyətə qazandırılmasında pedaqoq, psixoloq və sağlam ruhun rolu” mövzusunda təşkil olunan tədbirdə gənclərin cəmiyyətə sağlam inteqrasiyası, onların mənəvi və psixoloji inkişafı ilə bağlı məsələlər ətrafında geniş və səmimi fikir mübadiləsi aparılıb.
Tədbir zamanı çıxış edən natiqlər sosial risk qrupuna daxil olan yeniyetmələrin düzgün istiqamətləndirilməsində müəllim və psixoloqların rolunun əvəzsiz olduğunu vurğulayıblar. Qeyd edilib ki, gənclərin sağlam düşüncəli, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi formalaşmasında təhsil mühüm amildir. Şagirdlərə zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzi sürmək və daim öz üzərində çalışmaq tövsiyə olunub.
Görüşün sonunda şagirdlərin maariflənməsinə töhfə vermək məqsədilə onlara “Gənclərə tövsiyələr” adlı kitab hədiyyə edilib. Bildirilib ki, bu nəşr gənclərin şəxsi inkişafında və gələcək həyat yolunda faydalı vəsait olacaq.
Tədbirin sonunda səmimi qarşılanmaya və aktual mövzunun müzakirəsinə görə 166 nömrəli məktəb-liseyin rəhbərliyinə təşəkkür edilib.



Həsən
Paraqraf.com
![]()
