Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış binası bir neçə il əvvəl sökülüb və sakinlərə söz verilib ki, yeni tikilən binada hər birinə mənzil veriləcək. Lakin nə vəd edilən mənzillər verilib, nə də tikinti başa çatdırılıb.
Sakinlərin sözlərinə görə, layihəni həyata keçirməli olan “Vesta Construction” MMC illərlə prosesi uzadır. Tikili 10 ilə yaxındır ki, yarımçıq vəziyyətdə qalıb. Köçürülmüş sakinlər hazırda kirayələrdə yaşayırlar.
Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Mədinə Leqayeva “Paraqraf.com”a bildirib ki, Nizami rayonunda sökülən köhnə binanın sakinlərinə vəd olunmuş yeni mənzillərin hələ verilməməsi cinayət məsuliyyəti yarada bilər:

“Belə aldatma hallar Cinayət məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə tənzimləyir. Yəni tikinti şirkəti vətəndaşları aldatmaqla onların əmlakını və ya əmlak hüququnu ələ keçirmə məqsədi daşıyıbsa, bu cinayətdir. Bundan başqa, tikinti müqaviləsinin pozulması mülki məsuliyyət də doğurur. Sakinlər məhkəmədə ödənilən məbləğin qaytarılmasını, təmir xərclərinin ödənilməsini, kirayə xərclərinin ödənilməsini və mənzil əldə etməkdən doğan başqa zərərin bərpasını tələb edə bilərlər”.
Vəkil, həmçinin əlavə edib ki, dövlət və bələdiyyə qurumları da qanunvericiliyə uyğun olaraq inzibati icraat qaydasına tikinti şirkətinin tikinti icazəsini ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər:
“Əgər belə hallar ilə bağlı məhkəmədə sakinlərin xeyrinə bitən uğurlu məhkəmə təcrübəsi olarsa, bu da presedent hüququ yaradır və gələcəkdə tikinti şirkətlərin məsuliyyətli davranmalarına səbəb olacaq. Bundan əlavə, bu kimi halların işıqlandırılamasında medianın və qeyri-hökümət təşkilatlarının da rolu böyükdür”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
