Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq ideyasından bir şərtlə imtina etməyə hazır olduğunu bildirib.
Bu barədə yerli media məlumat yayıb.
Ukrayna lideri vurğulayıb ki, Ukrayna NATO-ya üzvlük məsələsində kompromisə getməyə hazırdır:
“ABŞ ilə ikitərəfli razılaşma, eləcə də Rusiyanın yenidən hücum etməməsi üçün Avropa İttifaqı və digər ölkələrdən zəmanət təmin ediləcəyi təqdirdə, Şimali Atlantika Alyansına daxil olmaqdan imtina edə bilərik”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Paraqraf.com-a bildirib ki, münaqişədə tərəflərdən birinin bir addım geri çəkilməsi artıq növbəti geridurmaların önünün açılması deməkdir:

“Bu arqumenti gücləndirən digər amil odur ki, Zelenski məhz sülh danışıqlarından əvvəl NATO üzvlüyündən imtina etməyə hazır olduğunu bildirir. Yenə masaya geriçəkilmə ilə gedir.
Qərb indiyə kimi hansı aktora təhlükəsizlik zəmanəti verib ki, Ukraynaya versin? Bu ritorik sualın cavabı hər kəsə məlumdur. Onlar öz təhlükəsizliklərini, o cümlədən təhlükəsizliyin sərt və yumşaq elementlərini belə təmin edə bilmirlər. Müxtəlif regionlara müdaxilə etmələri ya enerji axtarışı, ya da artıq əldə edilmiş razılaşmalara zərbə vurmaq məqsədi daşıyır. Qara dəniz və Cənubi Qafqaz bunun yeganə olmayan iki nümunəsidir.
Ukrayna uduzur, ABŞ buna sürükləyir, Rusiya onu son həddinə qədər “istismar etmək” istəyir, Avropa İttifaqı isə real dəstək verə bilmir. ABŞ isə artıq təkcə Ukrayna məsələsində deyil, bütövlükdə İttifaqın arxasından çəkilir. Bunun başqa adı yoxdur.
Ukrayna Prezidenti Volodimir Zelenskinin seçkilərə gedəcəyini bildirməsi, Xarkov vilayətindəki Kupyansk yaxınlığında mobil telefonuna video mesaj yazması da sadəcə imic qorumağa yönəlib. Seçkilərin keçirilməsinə hazır olduğunu bildirməsi NATO qoşunlarını ölkəyə yeritmək cəhdi kimi dəyərləndirilə bilər ki, bu da tərəfləri birbaşa üz-üzə qoyur. NATO buna gedərmi? Yumşaq və geniş çərçivədə desək, getməz.
Zelenski aydın dərk edir ki, ən son müharibənin başlanmasına qədər əvvəlki münaqişələrdə iştirak etmiş siyasətçilər şəxsi aqibət olaraq hansı tale ilə üzləşiblər və istədikləri “sona qədər” gedə bilməyiblər. Kiyev 1994-cü ildə ABŞ, Rusiya və Böyük Britaniyanın ərazi zəmanətləri müqabilində Sovet dövründən qalma nüvə arsenalından imtina etmişdi. Sonra nə baş verdi? Sil başdan.
Zelenski Rusiyanın məqsədlərini aydın dərk edir, ordusunun üstünlüyünü də görür. Diplomatik səylərə baxmayaraq, Rusiyanın hücumları davam edir və son hücumlar nəticəsində minlərlə insan elektrik enerjisindən məhrum olub. Havalar daha da sərtləşir və Moskva qış aylarında mülki əhalini istilik və sudan məhrum etmək üçün qəsdən enerji infrastrukturunu hədəf alacaq. Rusiyaya müqavilədən daha çox lazım olan məsələni “kökündən” həll etməkdir.
Zelenski məğlubiyyəti uzunmüddətli şəkildə təxirə sala bilməyəcəyini anlayır və bunu gündəlik əsasda gecikdirməklə son çırpınışlarını edir”.
Şəbnəm Həsənova əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp həm Ukraynaya, həm də Avropa İttifaqına razılaşmaya nail olmaq üçün təzyiq göstərir:
“ABŞ İttifaqa göstərdiyi tarixi himayədən yayınmaq istəyir. ABŞ və Avropanın verəcəyi təhlükəsizlik zəmanətləri təkcə Ukrayna üçün deyil, Rusiyanın gələcək addımlarının qarşısının alınması baxımından da vacib ola bilərdi.
Bu baş tutarsa, Moskvanın alyansın genişlənməsini təhdid kimi görməsinə baxmayaraq, uzun müddət NATO üzvlüyünə can atan Ukrayna üçün bu, dünya siyasətində əhəmiyyətli dəyişiklik olacaq. Lakin ABŞ və Avropa nə indi, nə də əvvəl NATO-ya üzvlüyü real şəkildə dəstəkləyib.
Hətta bu addım Rusiyanın bəyan etdiyi müharibə məqsədlərindən biri ilə uyğun gəlsə belə, Kiyev ərazi güzəşti tələblərini rədd etməkdə davam edir. Burada qarşısında Rusiyanın artıq nəzarətə götürdüyü ərazilər reallığı dayanır.
Bir tərəfdən Moskva Ukrayna şəhərlərinə və mühüm infrastruktur obyektlərinə davamlı hücumlarla müharibəni uzatmaqda arxayınlıq göstərir, digər tərəfdən isə “ləyaqətli” sülh və Rusiyanın yenidən hücum etməyəcəyinə dair qəti zəmanət axtarışında olan Zelenski Qərbin öz daxilində konsensus tapa bilmir. Cavab isə bəllidir.
Rusiya Kiyevlə birbaşa danışıqlar aparmır. Təhlükəsizlik zəmanətlərində ABŞ-nin ciddi iştirakı olmasa, bu zəmanətlərin real dəyəri olmayacaq. Açığı, həmin iştirak da görünmür”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
