Son illərdə ümumtəhsil məktəblərində tətbiq olunan kurikulum əsaslı təlim modeli təhsilin mahiyyətinə yeni baxış gətirib. Bu yanaşmanın əsas məqsədi şagirdə yalnız məlumat ötürmək deyil, onu düşünən, araşdıran, analiz edən və öyrəndiyini real həyatda tətbiq edə bilən şəxs kimi formalaşdırmaqdır. Dərslərdə interaktiv tapşırıqlar, qrup və cütlərlə iş, müzakirələr, layihə əsaslı fəaliyyətlər geniş yer alır. Şagird artıq passiv dinləyici yox, dərsin birbaşa iştirakçısına çevrilir. Bu, nəzəri baxımdan olduqca müasir və inkişafyönümlü bir modeldir və uzunmüddətli perspektivdə sağlam düşüncə tərzinə malik fərdlərin yetişməsinə xidmət edir.
Lakin praktikada tam fərqli bir mənzərə ilə rastlaşırıq. Bir çox valideyn və şagird məktəbdə müasir metodlarla keçirilən dərslərdən çox, repetitor yanında ənənəvi üsullarla aparılan dərslərdən daha razı qalır. Hətta imtahan və sınaq nəticələri də bu məmnunluğu təsdiqləyir. Bu ziddiyyət haqlı olaraq sual yaradır: əgər məktəbdə tədris daha müasirdirsə, niyə real nəticələr daha çox repetitor dərslərində əldə olunur?
Bu vəziyyətin əsas səbəblərindən biri tədrisin məqsəd fərqidir. Məktəbdə əsas diqqət biliklərin dərin mənimsənilməsinə və bacarıqların formalaşdırılmasına yönəldilir. Repetitor dərslərində isə əsas hədəf konkret imtahandır. Mövzular daha çox test tapşırıqları, imtahan modelləri və tez-tez təkrarlanan suallar üzərindən izah olunur. Şagird mövzunun mahiyyətini anlamaqdan çox, onu imtahanda necə tətbiq edəcəyini öyrənir. Bu yanaşma qısa müddətdə nəticə verdiyi üçün daha effektli təsir bağışlayır. Digər tərəfdən, ənənəvi metodun sadəliyi və aydınlığı da mühüm rol oynayır. Müəllim izah edir, nümunə göstərir və dərhal tapşırıq üzərində işlənilir. Bu ardıcıllıq şagird üçün daha tanış və rahatdır. Kurikulumda isə müzakirələrə, araşdırmalara və fərqli baxış bucaqlarına yer verildiyi üçün bəzi şagirdlər üçün dərs daha mürəkkəb və vaxt aparan görünür, xüsusilə də imtahana az vaxt qaldıqda.
Sinif mühitində fərdi yanaşmanın məhdud olması da problemi dərinləşdirir. Məktəbdə bir müəllim eyni anda çoxsaylı şagirdlə işləməli olur və hər birinin səviyyəsinə uyğun temp tutmaq çətindir. Repetitor dərslərində isə diqqət tam şəkildə bir şagirdə yönəlir. Onun zəif tərəfləri tez aşkar edilir, boşluqlar üzərində xüsusi işlənir və dərsin tempi şagirdə uyğunlaşdırılır. Bu da nəticələrin daha tez və aydın şəkildə yüksəlməsinə səbəb olur. Psixoloji amilləri də nəzərdən qaçırmaq olmaz. Repetitor dərsinə ödəniş edildiyi üçün həm valideyn, həm də şagird bu dərslərə daha ciddi yanaşır. Valideyn prosesi daha yaxından izləyir, şagird isə məsuliyyət hissi ilə çalışır.
Əslində problem nə kurikulumun özündə, nə də müasir metodlardadır. Problem onların tətbiq forması və imtahan sistemi ilə uyğunlaşdırılmamasıdır. Məktəb dərslərində müasir metodlar qorunmaqla yanaşı, mövzuların imtahan formatı ilə əlaqəsi daha aydın şəkildə qurulmalıdır. Şagird bilməlidir ki, dərsdə öyrəndiyi bilik onun sınaq və imtahan nəticələrinə də real təsir göstərəcək.
Məktəb təhsilinin gücləndirilməsi üçün müəllimlərə praktik metodik dəstəyin artırılması, sinifdə fərqli səviyyəli şagirdlər üçün diferensial tapşırıqların tətbiqi və qiymətləndirmənin daha motivasiyaedici olması vacibdir. Məktəb yalnız proqramı çatdıran deyil, nəticə yaradan bir mühitə çevrilməlidir.
Nəticə olaraq, repetitorluq qısa müddətli məqsədlər üçün faydalı ola bilər, lakin təhsilin əsas dayağı məktəbdir. Məktəb dərslərinə etinasız yanaşmaq uzunmüddətli bilik və bacarıqların formalaşmasına zərər vurur. Valideynlər və şagirdlər məktəb təhsilinə daha ciddi yanaşmalı, müəllimlər isə müasir metodlarla yanaşı, real nəticə yaradan yanaşmaları da dərs prosesinə inteqrasiya etməlidirlər. Təhsilin keyfiyyəti yalnız imtahan balı ilə yox, formalaşan düşüncə ilə ölçülməlidir.
Aytən Kərimova
Paraqraf.com
![]()
