Paranoya başqalarının insana qarşı pis niyyətli olduğu və ya onu aldatdığı barədə əsassız şübhələrlə xarakterizə olunan psixoloji vəziyyətdir. Bu hal bəzən insanların xoş niyyətlə dediklərini belə yanlış anlamağa səbəb olur.
Psixoloq Ülkər Musayeva Paraqraf.com-a açıqlamasında bildirib ki, paranoya sadəcə “şübhəçilik” deyil, insanın dünyanı təhlükəli və etibarsız bir məkan kimi qavramasına yol açan düşüncə və emosional vəziyyətdir:

“Bu düşüncə tərzi zamanla insanın davranışlarına, münasibətlərinə və ümumi psixoloji sağlamlığına ciddi təsir göstərə bilər. Paranoya münasibətlərin pozulmasına səbəb olur. İnsan daim aldanacağını düşündüyü üçün yaxın əlaqələr qurmaqda çətinlik çəkir. Davamlı ehtiyatlılıq emosional gərginlik, daxili narahatlıq yaradır. ‘Hamı mənə qarşıdır’ düşüncəsi isə tənhalığa gətirib çıxara bilər. Hətta sübut olmadıqda belə başqalarına etibar etmək çətinləşir. Daim təhlükə gözləmək stress və yuxu problemlərinə də yol açır”.
Psixoloq paranoyanın əsas əlamətlərinə də diqqət çəkib. Onun sözlərinə görə, bu əlamətlərə aşağıdakılar daxildir:
– Başqalarının söz və davranışlarını təhdid və ya gizli niyyət kimi şərh etmək;
– Tənqidə qarşı həddindən artıq həssaslıq;
– İnsanların onu aldatdığına və ya arxasınca danışdığına dair əsassız inanclar;
– Bağışlamaqda və unutmaqda çətinlik;
– Özünü daim müdafiə vəziyyətində hiss etmək;
– Səmimi münasibətlərdən qaçmaq və ya onları tez pozmaq.
Ülkər Musayeva vurğulayıb ki, paranoya çox vaxt keçmiş emosional travmalar, etibarın sarsılması, uzunmüddətli stress və ya güclü qorxu təcrübələri ilə əlaqəli olur:
“Bu vəziyyət insanın ‘pis’ olmasından deyil, özünü qoruma mexanizmlərinin həddindən artıq aktivləşməsindən qaynaqlanır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
