Müasir cəmiyyətin inkişafında nitq mədəniyyətinin rolu danılmazdır. İnsanların bir-biri ilə anlaşması, fikirlərini dəqiq və səlis ifadə etməsi, həm gündəlik həyatda, həm də peşə fəaliyyətində uğur qazanması çox vaxt onların nitq bacarıqlarından asılı olur. Bu səbəbdən nitq mədəniyyətinin məktəbdən etibarən öyrədilməsi, şagirdlərin düzgün, məntiqli və ədəbi dildə danışıq vərdişləri qazanması mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də nitq mədəniyyəti mövzusu müasir dərsliklərin əsas bölmələrindən birinə çevrilmişdir.
Nitq təlimçisi İradə İsak “Paraqraf.com”a açıqlamasında nitq mədəniyyətinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb:

“Dünyada nadir xalqlardanıq ki, öz ana dilimizdə kifayət qədər yaxşı danışmırıq. Məişətdə cəmi 2000–3000 sözlə kifayətlənirik və günümüzü bu sözlər çərçivəsində başa vururuq. İnsanların əksəriyyəti fikirlərini daha dolğun və keyfiyyətli şəkildə ifadə etməkdə çətinlik çəkirlər. Bu problem təkcə ali təhsili olmayanlara deyil, ali təhsilli şəxslərə də aiddir. Nitq mədəniyyətinin əsası məktəbdən qoyulmalıdır. Müəllimlərin “c”, “ç” kimi səsləri yanlış tələffüz etməsi və ləhcə ilə danışması qəbuledilməzdir. Müəllim belə danışırsa, şagird də onu təkrarlayacaq. Çünki uşaq çox vaxt ana-atadan çox müəllimin dediyinə inanır. Dilçilik Akademiyasının da həllini gözləyən məsələləri var; hələ də vurğu ilə bağlı problemlər qalmaqdadır”.
İradə İsak əlavə edib ki, ölkədə nitq təlimçilərinin sayı çox azdır:
“Hazırda ölkədə 50-yə yaxın, bəlkə də daha az sayda nitq təlimçisi var. Keyfiyyətli mütəxəssislərin azlığı səbəbindən bu sahənin daha düzgün və sistemli şəkildə inkişaf etdirilməsinə ehtiyac var”.
Kamala Vəliyeva
Paraqraf.com
![]()
