ABŞ-də respublikaçı konqresmen Tomas Massi Nümayəndələr Palatasına ölkənin Şimali Atlantika Alyansından (NATO) çıxmasını nəzərdə tutan “HR 6508” (“NATO Qanunu”) layihəsini baxılması üçün təqdim edib.
Paraqraf.com xəbər verir ki, bu barədə siyasətçinin rəsmi saytında dərc olunmuş bəyanatda bildirilib.
“NATO “Soyuq müharibə”nin qalığıdır. Biz NATO-dan çıxmalı və bu pulları öz ölkəmizin müdafiəsi üçün istifadə etməliyik, sosialist ölkələri üçün deyil”, – deyə paylaşımda qeyd edilib.
Massi vurğulayıb ki, alyans 30 ildən çoxdur dağılan Sovet İttifaqına qarşı durmaq üçün yaradılıb. Onun sözlərinə görə, bloka üzvlük ABŞ vergiödəyicilərinə trilyonlarla dollara başa gəlib və ABŞ-nin xarici münaqişələrə cəlb edilməsi riskini yaratmağa davam edir.
“ABŞ bütün dünya üçün “təhlükəsizlik adyalı” olmamalıdır – xüsusən də varlı ölkələr öz müdafiələri üçün xərc çəkməkdən imtina edirlərsə”, – deyə konqresmen əlavə edib.
Qanun layihəsi ABŞ prezidentinin üzərinə müqavilənin 13-cü maddəsinə uyğun olaraq NATO-nun çıxması barədə rəsmi şəkildə məlumat verməsi öhdəliyini qoyur, eləcə də büdcə vəsaitlərinin alyans strukturlarının maliyyələşdirilməsi üçün istifadəsini qadağan edir. Oxşar sənəd Senata respublikaçı Mayk Li tərəfindən də təqdim edilib.
Paraqraf.com
![]()
