“Euromonitor International”ın açıqladığı “Top 100 City Destinations Index 2025” hesabatına əsasən, İstanbul və Antalya dünyanın ən çox xarici turist çəkən ilk 10 şəhəri arasında öz mövqelərini qoruyublar. Hesabat göstərir ki, Türkiyə həm ziyarətçi sayı, həm də turizm cəlbediciliyi baxımından qlobal arenada liderliyə yüksəlib.
Paraqraf.com xəbər verir ki, hesabatda İstanbul 19,7 milyon beynəlxalq turistlə dünya üzrə 5-ci, Antalya isə 18,6 milyon ziyarətçi ilə 8-ci pillədə qərarlaşıb.
Beləliklə, Türkiyə iki şəhərlə dünyanın TOP turizm mərkəzləri sırasında təmsil olunaraq qlobal turizm bazarındakı təsir gücünü daha da artırıb.
Siyahıya 30,3 milyon ziyarətçi ilə Banqkok liderlik edir. Ondan sonra Honq Konq, London və Makao gəlir. Hesabatın ən diqqətçəkən məqamlarından biri isə Türkiyənin Avropa və Aralıq dənizi regionunda turizm həcminə görə sürətli yüksəlişidir.
2025-ci ilin nəticələri göstərir ki, Türkiyə təkcə ziyarətçi axınını artırmayıb, eyni zamanda qlobal turizm rəqabətində davamlı və güclü bir marka imici formalaşdırıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
