Gündəlik rejimlərə, həyatın axarına düşərək ömrümüzü davam etdiririk. Hər gün o qədər müxtəlif, qəribə, heyrətamiz hadisələr baş verir ki, bəzən hər şeyi, hətta özümüzü belə unudur, yalnızca proseslərə fokuslanırıq.
Məhdud zaman çərçivəsində (çox qısa və ya uzun olması da mübahisəlidir) Tanrının bizə bəxş etdiyi ömür isə çox sürətlə axıb gedir. Bir də gözümüzü açırıq ki, yaşlanmışıq, əllərimiz titrəyir, gözlərimiz zəifləyib – təqaüd vaxtımızdır. Cavanlıqda olan enerjidən, gücdən, həvəsdən isə heç nə qalmayıb. Yalnız xatirələr mövcuddur…
Və “kaş ki…” pıçıltılarımız başlayır. Bəzən də güzgüdə özümüzə baxıb düşünürük ki, daha mənalı necə yaşaya bilərdik?
Variantlar nədir?
Təcrübələrə əsaslanıb deyə bilərik ki, gündəlik proseslərin axınından mümkün qədər çıxıb yaşamaq bacarıqlarını formalaşdırmaq üçün bir neçə üsul var. Bunlardan biri elə daim güzgü qarşısında dayanıb özümüzə hesabat verməkdir.
Hər səhər yuxudan oyananda güzgünün qarşısında təkcə bəzənmək üçün dayanmamalıyıq: İnikasımıza baxaraq qəlbimizin səsinə qulaq asmalı, özümüzə sevgi və hörmətimizi təlqin etməliyik. Bəzən fərqinə varmırıq, ancaq çox şeylər göz qırpımında da dəyişə bilir: Özgüvənimizi artırmaqla, qəti olmaqla.
Hərdən mən də aynanın önündə dayanıb özümü dinləyirəm. Qəlbimin dərinliklərində yaşayan, dəyişməyən o balaca qız təəccüblə bugünkü mənə baxır: Böyüyən və hər zaman həyatın gözünə dik baxan Türkanəyə. İndi onu mənimlə birləşdirən sadəcə xatirələrdir.
Bəzən özümə də təəccüblü gəlir ki, mən necə bu cür dəyişdim, xeyli başqalaşdım.
Hə, burada xüsusi qeyd edim ki, böyümək və dəyişmək çətin və olduqca maraqlı prosesdir. Bu prosesin çətinliklərinin heyfini qəlbinizin dərinliyində, həyatın səs-küyündən qorxub bir küncə sıxılan balaca məninizdən – əzəli kimliyinizdən çıxmayın. Heç zaman dərin qatlarınızda yaşayan balaca SİZİ incitməyin və onunla dost olun. Onunla hər gecə söhbət edin, pıçıldaşın. Bəzən balışınızı BALACA MƏN sanaraq, onu qucaqlayıb yatın…
Ən əsas olan isə sevginizi tükətməməkdir: Dünyanı da, sizi də xilas edəcək güc sevginizdir.
Əlbəttə ki, sevginizə ən çox möhtac və layiq olan isə elə özünüzsünüz.
Özünüzü çox sevin! Lap çox! Özünü sevməyən heç bir doğmasını da sevə bilməz.
Güzgüdə baxıram özüm özümə
Gözlərim sataşır hərdən gözümə.
Bir uşaq görürəm saf, sevgi dolu
Böyüyüb baxmayır mənim sözümə
O görüb həyatda eniş yoxuşlar
Köç edən durnalar köçəri quşlar.
Bəzən tək gəzibdir boş küçələri
Bəzən qar yağanda bəzən yağışlar…
Türkanə Səfərova
Paraqraf.com
![]()
