Azərbaycanın beş boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.
Paraqraf.com xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb.
Boksçu üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.
Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçu 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.
Səidcəmşid Cəfərov (75 kq) 1/16 finalda üzləşdiyi irlandiyalı boksçu Qavın Rafferti ilə döyüşüb və qələbəylə tərk edib. Bu qələbə sayəsində 1/8 finala yüksələn boksçumuz növbəti mərhələyə keçmək üçün yaponiyalı Dayqo Sunaqaya ilə döyüşəcək. Həmin görüş sentyabrın 9-da keçiriləcək.
Mundialın 4-cü günündə isə Azərbaycan millisinin daha 2 idmançısı mərhələ adlayıb.
55 kq-da Nicat Hüseynov kubalı Rolando Martines Pereslə qarşılaşıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan döyüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Hüseynov rəqibini 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Bilguunsayxan Xarxuya (Monqolustan) qarşı keçirəcək.
Murad Allahverdiyev (80 kq) də adını 1/8 finala yazdırıb. Boksçumuz Amar Koçini (Albaniya) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 29:28, 28:29, 30:27). O, ikinci qarşılaşmasında Filip Akilovla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.
Hər iki boksçumuz 1/8 final döyüşünə sentyabrın 9-da çıxacaq.
Alfonso Dominqes (90 kq) isə reytinqinə görə bu mərhələdən yarışa qoşulacaq.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.




Paraqraf.com
![]()
