Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun təşkilatçılığı ilə keçirilən “Milli Məclis Gənclərlə” adlı tədbirdə iştirak etdik.
Tədbir çərçivəsində tələbələrlə görüşərək onların fikir və baxışlarını dinlədik, suallarını cavablandırdıq və müxtəlif aktual mövzular ətrafında geniş müzakirələr apardıq. Gənclərimizin dövlət idarəçiliyinə, diplomatiyaya, beynəlxalq münasibətlərə və ictimai proseslərə olan marağını və fəallığını görmək xüsusilə sevindiricidir.
Görüş zamanı tələbələrə gələcək hədəflərin müəyyənləşdirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi, ictimai fəaliyyətlərdə fəal iştirak və dövlətimizin gələcəyi naminə təşəbbüskarlıq göstərmələri ilə bağlı tövsiyələr verildi. Eyni zamanda “Gənclərə tövsiyələr” kitabı iştirakçılara hədiyyə edildi.
Belə görüşlər gənclərin bilik və dünyagörüşünün genişlənməsinə, onların dövlət və cəmiyyət qarşısında məsuliyyət hissinin daha da güclənməsinə mühüm töhfə verir.
Azərbaycan gəncliyi bu gün ölkəmizin gələcəyini formalaşdıran əsas qüvvədir və biz inanırıq ki, onların hər biri öz biliyi, enerjisi və vətənpərvərliyi ilə dövlətimizin inkişafına dəyərli töhfələr verəcək.
Həsən
paraqraf.com
![]()
