Doğru sual vermək bacarığı yaranan problemi həll etməyin ən təsirli yoludur.
Əziz dostlar, biz həyatımızın istənilən sahəsində müxtəlif çətinliklərlə üzləşə bilərik. Real təcrübədə gördüyüm ən vacib nüans budur: insanlar bəzən məsələyə yalnız problemin öz-özünə yaranmış bir vəziyyət kimi yanaşır və ən vacib olan – düzgün sualı verməyi bacarmırlar.
Bunu sadə bir misalla izah edim:
X adlı şəxs yağışlı havada avtomobil idarə edərkən sürət həddini aşır. Manevr zamanı avtomobil sürüşür və qəza baş verir. Sürücünün verdiyi sual belə olur: “Avtomobil niyə sürüşdü?”
Əslində isə sual tamam fərqli olmalıdır: “Mən niyə sürət həddini aşdım?”
Çünki avtomobil özbaşına “maraqlı olsun” deyə sürüşmür — onu idarə edən bizik. Həyatımız da bir avtomobil kimidir.
Bu misalın əsas mesajı budur: biz çox zaman atdığımız addımların nəticəsinə görə məsuliyyəti öz üzərimizə götürməkdən çəkinirik. Amma əsl inkişaf elə bununla başlayır. Təsəvvür edin ki, bir insan yaşadığı bütün sıxıntıları, problemləri və uğursuzluqları keçmişdə verdiyi qərarlarla əlaqələndirir və nəticə çıxarır. Nə baş verər? İntizam, inkişaf və uğur!
Dünyanın ən inkişaf etmiş ölkələrində bu yanaşma bizneslərdə də tətbiq olunur. Yanaşma belədir: ayağın nahamar bir səthə ilişib büdrədinsə, amma yıxılmadınsa, elə həmin gün o səthi hamarlamağa başla. Çünki növbəti dəfə ilişib yıxılmaq artıq daha ağır nəticələr verə bilər.
Həyatın prinsipi sadədir:
Problemi gör, doğru sualı ver, səbəbi tap və təkrarlanmasına imkan vermə!
Elvin Abdullayev
![]()
