Bu gün Qərbi Azərbaycan İcması, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “QGallery” Qalereyasının birgə təşkilatçılığı ilə “Təsviri incəsənətdə Qərbi Azərbaycan hekayəsi” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisinin açılışı keçirildi.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 45 tələbəsinin Qərbi Azərbaycan mövzusunda hazırladığı rəsm əsərləri nümayiş etdirildi. Tələbələrin müxtəlif üslub və texnikalarda yaratdıqları əsərlər Qərbi Azərbaycanın mədəni irsi, tarixi yaddaşı və bu irsin gənc nəslin yaradıcılığında əks olunması baxımından xüsusi maraq doğurdu.
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Xalq rəssamı Saxlab Məmmədov və layihənin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətini vurğuladılar.
Çıxışlarda Qərbi Azərbaycanın zəngin mədəni irsinin tanıdılması, tarixi torpaqlarımıza qayıdış ideyasının gənclər arasında təbliğ edilməsi və bunun yaratdığı ictimai-mənəvi dəyər xüsusi qeyd olundu. Natiqlər bildirdilər ki, incəsənət gənclərin milli yaddaşa bağlılığının formalaşmasında mühüm rol oynayır və bu cür layihələr həmin prosesə dəyərli töhfə verir.
Sərgi həm gənc rəssamların yaradıcılıq potensialının üzə çıxarılması, həm də Qərbi Azərbaycan mövzusunun incəsənətdə yeni ifadə formalarında təqdim olunması baxımından böyük maraqla qarşılanıb.



Paraqraf.com
![]()
