Ermənistanın baş naziri Nikol Paşinyan ifrat yoxsulluq probleminin həllinin yaxın olduğu fikrindədir. O hesab edir ki, yoxsulluğun əsas səbəbi vətəndaşların ondan qaçmaq üçün bacarıqlarının olmamasıdır.
Bu barədə Paraqraf.com TASS-a istinadən xəbər verir.
“Bəli, Ermənistanda sosial problemlər və yoxsulluq mövcuddur. Yeri gəlmişkən, bu yaxınlarda yoxsulluq göstəriciləri dərc edilib və bizim qiymətləndirmələrimizə görə, göstəricilər kifayət qədər yaxşıdır, baxmayaraq ki, metodologiya ilə bağlı məsələ dəqiqləşdirilməlidir. Lakin metodologiyadan asılı olmayaraq, ifrat yoxsulluq səviyyəsi 0.6% təşkil edir və biz 2021-ci il seçkiqabağı kampaniyada ölkədə ifrat yoxsulluğun aradan qaldırılması ilə bağlı verilən vədin yerinə yetirilməsinə yaxınıq”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, işsizliyin Ermənistanda yoxsulluğun əsas səbəbi olduğu dövrlər geridə qalıb:
“Ermənistanda yoxsulluq yalnız bir səbəbdən mövcuddur – ehtiyacı olan insanlar arasında ondan qaçmaq üçün bacarıqların olmaması”.
Paşinyanın sözlərinə görə, bu problemin həlli təhsildə ola bilər ki, bu da iş bacarıqlarının inkişafına, peşəkarlığın artırılmasına və yoxsulluq içində yaşayan insanların rifahının yaxşılaşdırılmasına kömək edəcək. O əlavə edib ki, Ermənistan hökuməti bu sosial məsələnin həllində məhz bu prinsipi rəhbər tutacaq.
Paraqraf.com
![]()
