Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia gündəmə gəlib.
Bu barədə siyasi texnoloq Vladimir Petrov açıqlama verib. O, Zelenskinin “artıq davam etmək istəmədiyini” irəli sürərək onun yaxın zamanda istefa qərarını açıqlaya biləcəyini bildirib.
Siyasi şərhçi Elmir Səftərov “Paraqraf.com”a bildirib ki, Ukraynada müharibənin artıq dörd ilə yaxın müddətdir davam etməsi, vəziyyətdə dönüş olmaması və daxili narazılıq Prezident Volodimir Zelenskinin istefa ehtimalını yenidən gündəmə gətirir:

“Ukrayna siyasi sistemində istefa prosedurlarının fərqli olması bu müzakirələri daha da aktual edir.
Müzakirələrin əsas səbəbləri kimi korrupsiya qalmaqalları, bəzi hərbi və siyasi uğursuzluqlar, eləcə də xarici tərəfdaşların, xüsusilə ABŞ-ın sülh planları ilə bağlı göstərdiyi təzyiqlər qeyd olunur. V. Zelenski özü də müəyyən şərtlər daxilində istefa ehtimalını tam istisna etmədiyini bildirib. Prezident Administrasiyasının rəhbərinin istefası isə bu proseslərin fonunda əlavə suallar yaradıb”.
Elmir Səftərov əlavə edib ki, əgər V. Zelenski istefa verərsə, hakimiyyət uğrunda rəqabət, yeni liderin ölkə daxilində və beynəlxalq müstəvidə uyğunlaşması, xüsusən də Rusiya ilə münasibətlərin xüsusiyyətləri kimi məsələlər diqqət mərkəzinə çıxacaq:
“Eyni zamanda, qısamüddətli siyasi boşluq yaranması mümkündür, lakin prosesin nə qədər çətin olacağı yeni liderin legitimliyi və idarəçilik qabiliyyətindən asılı olacaq.
Volodimir Zelenskinin mümkün gedişi həm risklər, həm də müəyyən imkanlar yarada bilər. Risklərə ölkədaxili siyasi böhran, müdafiə prosesində ləngimə və Rusiyanın bundan geosiyasi üstünlük qazanmaq ehtimalı daxildir. Digər tərəfdən, əgər hakimiyyətə məsuliyyətli, xalq etimadını qazana bilən bir şəxs gələrsə, həm sülh prosesində, həm də daxili idarəçilikdə yeni mərhələ başlaya bilər”.
Siyasi şərhçi qeyd edib ki, bu ehtimal reallaşarsa, yeni liderin Zelenskinin ənənəvi siyasət xəttini davam etdirəcəyi, yoxsa Amerikanın təklif etdiyi sülh planına razılaşaraq müəyyən ərazi güzəştlərinə getməklə müharibəni dayandırmağa çalışacağı sual altındadır:
“Hələ ki, bu məsələdə qəti qərar yoxdur, lakin ehtimal olunur ki, müxtəlif istiqamətlərdə hazırlıqlar aparılır.
Ümumilikdə isə V. Zelenskinin istefa ehtimalı həm Ukraynanın siyasi gələcəyi, həm də müharibənin gələcək mərhələsi baxımından çoxşaxəli şəkildə dəyərləndirilməlidir. Bu, yalnız ssenarilər səviyyəsində olsa da, ABŞ-ın sülh təklifi fonunda proseslərin inkişafı gündəmdədir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
