“İnfrastruktur sahəsində görülən işlər nəticəsində bu illər ərzində peşə təhsilinin maddi-texniki bazası və tədris infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu da əmək bazarının və iqtisadiyyatın real tələblərinə uyğun bacarıqlara sahib kadrların hazırlanmasına xidmət edir”.
Paraqraf.com “Oxu.Az”a istinadən xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Məmmədov səsləndirib.
O bildirib ki, peşə təhsili kontekstində bu struktur və infrastrukturun mövcudluğu işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tələb olunan bacarıqların verilməsinə şərait yaradır və peşə təhsilinin kadrları müvafiq ixtisaslara sahib olmaqla xidmət göstərən mütəxəssislər kimi formalaşırlar:
“Digər bir mühüm istiqamət isə məzmun və keyfiyyət məsələsidir. Bu dövr ərzində mənzərəyə diqqət etsək, artıq 100-dən çox modul və iqtisadiyyatla bağlı dərslik, eləcə də təhsil proqramı peşə təhsilində tətbiq olunur. Təhsil proqramlarının yenilənməsi birbaşa kadr tələblərinə bağlıdır”.
Simnar Məmmədov əlavə edib ki, peşə təhsili üzrə kadr tələblərinə uyğun istiqamətlər mütəmadi şəkildə çevik formada təhlil edilir və yenilənir.
Paraqraf.com
![]()
