Saray qəsəbəsində yeni dəmiryol stansiyasının inşa olunacağı barədə yayılan məlumatlar yerli sakinlər və ətraf bölgədə yaşayan insanlar arasında böyük maraq doğurur. Bu layihənin reallaşması həm nəqiliyyat imkanlarını genişləndirəcəyinə, həm də qəsəbənin sosial-iqtisadi imkanlarına təkan verə biləcəyini gözlənilir.
Mövzu ilə bağlı ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Paraqraf.com-a açıqlamasında bildirib ki, yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulub:
“Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda Bakı–Xırdalan–Sumqayıt xəttinin qatar buraxma və sərnişindaşıma qabiliyyətinin artırılması, həmçinin yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulub”.
Bəxtiyar Hacıyev əlavə edib ki, Azərbaycan Dəmir Yolları bu istiqamətdə bir sıra müvafiq tədbirlər həyata keçirir:
“Azərbaycan Dəmir Yolları Dövlət Proqramından irəli gələn məsələlərin icrası üçün müvafiq işlər görür və yeni dayanacaqların istismara verilməsini nəzərdən keçirir. Bu məqsədlə Saray qəsəbəsində yaşayan sakinlərin də qatarla səyahət imkanlarından yararlanması üçün həmin istiqamətdə dayanacağın yaradılması planlaşdırılır”.
Cəfərova Validə
Paraqraf.com
![]()
