Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi səfər çərçivəsində İranda bu ölkənin prezidenti Məsud Pezeşkianla görüşüb.
Bu barədə məlumat Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova “Paraqraf.com”a açıqlamasında bildirib ki, beynəlxalq münasibətlərdə baş verən proseslər, yaşanan acı hadisələr, əldə olunan nəticələr, hüququn aliliyinin arxa plana keçməsi və ümumi etimadsızlıq mühiti regional aktorları bir-birinə daha yaxın əməkdaşlığa vadar edir:

“Çünki coğrafiya dəyişdirilə bilməz. Coğrafiyamızın müsbət tərəflərinə fokuslanmalı, onu xalqlarımızın rifahı üçün istifadə etməliyik. Bu istiqamətdə fikir ayrılıqlarına deyil, ortaq məqamlara diqqət yetirilməlidir. Region dövlətləri arasında taktiki deyil, strateji, dərin və uzunmüddətli əlaqələr qurulmalıdır. İstənilən fikir ayrılığı masada, diplomatik yollarla həll edilməlidir. Bu baxımdan Türkiyənin xarici işlər naziri Hakan Fidanın İran səfəri və açıqlamaları yüksək qiymətləndirilməlidir. Ümumiyyətlə, iki regional aktor arasında baş tutan hər bir görüş regional siyasətdə mühüm hadisədir”.
Onun sözlərinə görə, Azərbaycan Zəfər əldə etdikdən sonra nəqliyyat və kommunikasiya məsələləri ilə bağlı açıq mövqe sərgiləyib:
“Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranı birgə layihələrdə iştiraka dəvət edib. Bu istiqamətdə tutduğumuz yoldan dönməmişik. Bu həm Türkiyəyə, həm də Azərbaycana aiddir. Zaman-zaman İran–Azərbaycan və İran–Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələr olsa da, liderlərin siyasi iradəsi və rasional yanaşması nəticəsində bunun qarşısı alınıb. Mövcud xətt davam etdirilməli, birgə layihələr icra olunmalıdır”.
Politoloq qeyd edib ki, Hakan Fidanın İranın nüvə proqramı ilə bağlı əməkdaşlığın davam etdirilməsinə dair mesajı iki ölkə arasında strateji münasibətlərin dərinliyini göstərir:
“Bu, həm strateji əlaqələrin mahiyyətini, həm də iki regional aktorun beynəlxalq siyasətə bənzər baxışını ortaya qoyur. Ümumilikdə, iki ölkə arasında siyasi mühiti müsbət qiymətləndirirəm. Ankara–Tehran tərəfdaşlığı xarici siyasətdə mühüm yer tutur, regional amillər nəzərə alınır və layihələrdə birgə mövqe nümayiş etdirilir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
