Bəzi insanlar özlərini tez-tez qarşısındakı insandan aşağı görür, özünü zəif hiss edir. Bu cür insanlar hər hansı mövzu haqqında ətraflı məlumata malik olsalar belə, fikir mübadiləsi aparmaqdan çəkinirlər. Çünki öz bildiklərinin səhv olduğunu düşünür, nəticədə müzakirəyə qoşula bilmirlər. Belə şəxslər adətən özgüvənsiz olur və zamanla başqaları tərəfindən asanlıqla idarə edilə bilirlər.
Sosioloq Mail Yaqub “Paraqraf.com”a bildirib ki, insanların özünə inamının aşağı olması, çox vaxt uşaq yaşlarında valideynlər tərəfindən dəyər verilməməsindən qaynaqlanır:

“Ailələrdə uşaqlara söz demək haqqı verilmir. Hətta bəzən onlar təhqir olunurlar. Buna görə də zamanla onlarda belə fikirlər formalaşır: “Məndən adam olmaz”, “Mən heç kiməm, bacarığım yoxdur” və s. Bu travma böyüdükdə də onların beynində qalır və uğur qazanmalarına mane olur”.
Mail Yaqub özgüvənsizliyi aradan qaldırmağın yollarından da danışıb:
“İnsan özgüvənli adamlarla ünsiyyətdə olsa, oturub-dursa, daha inamlı və uğurlu olar. Bundan başqa, insan zaman-zaman tənhalığa çəkilib düşünməli və özünə müəllim ola bilməlidir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
