Son vaxtlar ictimai nəqliyyatda, xüsusilə də avtobus marşrutlarında müşahidə olunan gecikmələr sərnişinlərin narahatlığını artırıb. Vaxtında gəlməyən avtobuslar insanların gündəlik iş rejimini pozur, ümumi nəqliyyat sistemindəki çatışmazlıqları isə daha qabarıq şəkildə ortaya çıxarır.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Paraqraf.com-a açıqlamasında bildirir ki, problemin bir neçə əsas səbəbi var:

“Gecikmələrin başlıca amili paytaxtın hər gün daha da ağırlaşan tıxaclarıdır. Avtobus zolaqlarına edilən qanunsuz müdaxilələr vəziyyəti daha da çətinləşdirir. Avtobus zolaqlarına qeyri-qanuni daxilolmalar nəinki hərəkəti ləngidir, həm də avtobusların trayektoriyasını dəyişməyə məcbur edir. Bu da cədvəllərin pozulmasına gətirib çıxarır. Bəzi sürücülərin avtobus zolaqlarını zəbt etməsi, eləcə də avtobuslara yol verməməsi marşrutların vaxtında hərəkət etməsinə mane olur. Bu isə sıravi sərnişinin gününə birbaşa təsir edən ciddi problemə çevrilir”.
Ekspert metro ilə bağlı məsələlərə toxunaraq vurğulayıb ki, irəliləyişlər görünür, amma prosesin tam səmərəli olması üçün hələ ciddi işlər tələb olunur:
“Son illərdə metroda qatarlararası intervalların azaldılması istiqamətində mühüm addımlar atılıb. Lakin sistemin tam səmərəli işləməsi üçün xətlərin bir-birindən ayrılaraq təmassız rejimə keçidi vacibdir. Hazırda bəzi xətlər buna imkan vermir, bu da prosesin tam yekunlaşmasına mane olur. Göründüyü kimi, istər yerüstü, istərsə də yeraltı nəqliyyatda problemlər fərqli olsa da, nəticə eynidir. Nəqliyyat sistemindəki bu çatışmazlıqların aradan qaldırılması üçün həm qanunlara riayət, həm də infrastrukturun müasirləşdirilməsi əsas şərtdir”.
Cəfərova Validə
Paraqraf.com
![]()
