Rusiya aviasiyasının Ukraynanın paytaxtı Kiyev və ətrafına endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 29 nəfər yaralanıb. Hücumlar şəhərin enerji infrastrukturunu hədəf alaraq elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində bildirib. O qeyd edib ki, Rusiya ölkəyə təxminən 36 raket və 600 pilotsuz təyyarə ilə hücum edib. Zelenski bildirib ki, Kiyev vilayətində çoxlu sayda insan yaralanıb və hücumlar xeyli ziyan vurub.
Ukrayna Energetika Nazirliyi isə hücumların Kiyev, Xarkov, Çerniqov və Poltava vilayətlərindəki enerji infrastrukturunu hədəf aldığını açıqlayıb. Nəticədə Kiyevdə 500 000-dən çox, Kiyev vilayətində 100 000-dən çox, Xarkov vilayətində isə təxminən 8 000 insan işıqsız qalıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
