Bir neçə gün öncə Yasamalda yaşayış binasında 3 nəfərin ölümü, 20-dən çox şəxsin isə tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın binalarda olan təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət kapitanı Əlibala Əlizadə “Paraqraf.com”a bildirib ki, cari ilin ötən dövrü ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında 114 yanğın faktı qeydə alınıb:
“Ötən ilin eyni dövrü ilə müqayisədə yanğınların sayında 9 fakt azalma qeydə alınıb. Yanğınların baş vermə səbəbi əsasən yanğın təhlükəsizliyi qaydalarının pozulmasıdır”.
Əlibala Əlizadə qeyd edib ki, çoxmərtəbəli yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsində ən başlıca məsələlərdən biri həmin binanın yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan şəxslərin bu vəzifələrin yerinə yetirilməsində məsuliyyətinin artırılmasından ibarətdir:

“Yüksəkmərtəbəli binalarda yanğın hadisələri əsasən elektrik və təbii qaz mənşəli olur. Sözügedən binaların yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə elektrik və qaz təsərrüfatlarının quraşdırılması və istismarı zamanı qüvvədə olan texniki-normativ və hüquqi aktların tələblərinə ciddi riayət edilməlidir. Elektrik təsərrüfatına dövri xidmətlərin aparılması, profilaktik sınaqların həyata keçirilməsi, qüsurların vaxtında aşkar edilərək aradan qaldırılması, elektrik təsərrüfatının, həmçinin bina və qurğularda onunla əlaqəli təmir-sazlama işlərinin vaxtaşırı həyata keçirilməsi istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülməlidir”.
O əlavə edib ki, qaz təsərrüfatı ilə bağlı müayinələrin aparılması, təhlükəsizlik tələblərinə cavab verməyən halların aşkar edilərək vaxtında aradan qaldırılması təmin olunmalıdır:
“Yanğınların yayılmasının qarşısının alınması, söndürülməsi və insanların müvəffəqiyyətlə təxliyə olunmasına xidmət göstərən digər yanğından mühafizə sistemləri də öz növbəsində saz vəziyyətdə olmalıdır. Tüstüsovurucu və havabasıcı sistemlərin, yanğınxəbərverici siqnalizasiya qurğularının, daxili yanğın kranlarının, bununla yanaşı xarici və daxili yanğınların söndürülməsi üçün tikinti norma və qaydalarının tələblərinə əsasən sərfiyat hesabına uyğun olaraq su ehtiyatının daimi saxlanılması yaşayış binalarının cavabdeh şəxsləri tərəfindən prioritet kimi təmin edilməlidir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
