İranın ali rəhbəri Əli Xamenei ABŞ-nin Ukraynadakı münaqişəni qızışdırdığını bildirib.
Bu haqda “RİA Novosti” məlumat yayıb.
Xamenei vurğulayıb ki, Ukraynadakı münaqişə çox böyük ziyana səbəb olub. Bundan əlavə, ABŞ bu prosesdə hər hansı nəticə əldə etməyib.
“ABŞ Prezidenti Donald Tramp üç gün ərzində problemi həll edəcəyini desə də, bir ildən sonra münaqişədə iştirak etdiyi ölkəyə güc yolu ilə 28 bəndlik plan tətbiq edir”, – o qeyd edib.
Politoloq Tural İrfan “Paraqraf.com”a bildirib ki, ABŞ–İran münasibətləri gərgin olaraq davam edir:

“ABŞ Ukrayna müharibəsini qızışdırmır. Sadəcə İranın da Rusiyanın işğalına imkan yaratması müqabilində müharibə uzandı və həll yolunda problemlər ortaya çıxdı”.
O qeyd edib ki, Əli Xameneinin bu çıxışı mövcud durumun daha da gərginləşəcəyindən xəbər verir:
“Ümid edilən danışıqların da baş tutmayacağı ehtimal olunur. Hətta dini liderin ABŞ-yə vasitəli mesaj göndərilmədiyini, Tramp administrasiyasının tərəf müqabili kimi layiq görülmədiyini ifadə etməsi münasibətlərin yaxın zamanda daha da kəskinləşə biləcəyi ehtimalını artırır. Diplomatiya dilindən fərqli olaraq hərb ritorikasının seçilməsi hərbi müdaxilələrin yenidən aktuallaşa biləcəyi mesajını verir. Ukrayna müharibəsinin həllində tərəflərin mövqelərinin fərqli olması ilə yanaşı, müttəfiqlərin də qarşıdurması sülhə maneələr yaradır. Ukrayna müharibəsinin bitməsi sehrli çubuqla həyata keçirilə bilməz”.
Politoloqun sözlərinə görə, Ukrayna və Rusiya arasında anlaşmanın zəruriliyi ilə paralel olaraq Avropa, ABŞ-la İran, Şimali Koreya arasında da müəyyən danışıqlar aparılmalıdır:
“Çünki artıq bu müharibə yarımdünya müharibəsi mərhələsinə keçib. Tərəflərin müttəfiqlərinin savaşı vüsət alır. Bunlardan biri də İrandır. İran da ABŞ-nin ona münasibətinə rəğmən Rusiyaya daha çox dəstək verir. İran bir növ ABŞ-yə zərbəni Ukrayna müharibəsində Rusiyaya dəstəyini artırmaqla göstərir. Ümumilikdə, ali dini liderin bu çıxışı həm ABŞ–İran münaqişəsini, həm də regionda siyasi durumu gərginləşdirəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
