Süni intellektin media və jurnalistikaya təsiri son illər daha aydın şəkildə hiss olunur. Xəbərlərin hazırlanması, faktların yoxlanması və informasiyanın oxucuya çatdırılması artıq daha sürətli və avtomatlaşdırılmış formada həyata keçirilir. Bununla yanaşı, informasiya təhlükəsizliyi, etibarlılıq və peşə etikası kimi məsələlər mediada AI texnologiyalarının geniş tətbiqi ilə paralel olaraq daha çox gündəmə gəlir. Bu səbəbdən süni intellektin mediaya təsiri həm yerli, həm də qlobal səviyyədə geniş müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Paraqraf.com-a açıqlamasında bildirib ki, süni intellektin media və jurnalistikaya təsiri getdikcə daha dərin hiss olunur:

“Xəbər istehsalı, məlumat toplanması və ilkin kontent generasiyası artıq çox qısa zamanda mümkün olur. Bu, redaksiyaların iş yükünü azaldır, operativlik və analitik dərinlik üçün daha geniş imkan yaradır”.
Elvin Abbasov qeyd edir ki, bununla yanaşı paralel olaraq saxta məlumatların yayılma sürətidə artır:
“Səs, video və foto manipulyasiyası artıq reallıqdakı ilə ayırd edilməyəcək həddə yaxınlaşır. Buna görə media strukturlarında fakt-çek mexanizmləri gücləndirilməli və süni intellektdə istehsal edilən materialların verifikasiya standartları ayrıca formalaşdırılmalıdır”.
Ekspertin fikrincə, jurnalistikanın gələcəyi tam avtomatlaşdırma üzərində qurulmayacaq:
“Çünki, xəbərin dəyərini yalnız informasiya deyil, onun interpretasiyası, konteksti və insani baxış formalaşdırır. Bu sahədə rəqabət yox, simbioz yaranacaq: süni intellekt məlumatı emal edəcək, jurnalist isə ona məna qatacaq. Gələcəyin media mühitində dəyərli olan insan beyni, təhlil gücü və etibarlı mənbə üzərində qurulan jurnalistikadır”.
Cəfərova Validə
Paraqraf.com
![]()
