Rusiya–Ukrayna müharibəsinin uzandığı bir vaxtda ABŞ Prezidenti Donald Trampın həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirməsi beynəlxalq gündəmdə böyük rezonans yaradıb. Trampın bu addımı Qərbin münaqişənin siyasi yolla həllinə diqqətini artırdığına işarə etməklə yanaşı, ABŞ-nin prosesdə yenidən aparıcı aktor kimi çıxış etmək cəhdini də ortaya qoyur.
Politoloq Züriyə Qarayeva Paraqraf.com-a bildirib ki, Trampın bu açıqlaması müharibənin diplomatik yolla həlli ilə bağlı müəyyən ümidlər yaratsa da, prosesin mürəkkəbliyi yaxın perspektivdə nəticə əldə ediləcəyini real göstərmir:

“Trampın bəyanatı və nümayəndəsi Stiven Uitkoffa Moskvada görüşün təşkili tapşırığı iki məqsəd daşıyır: birincisi, müharibənin gedişinə birbaşa təsir imkanını bərpa etmək, ikincisi isə ABŞ-nin yenidən qlobal diplomatiyanın əsas arbitri kimi mövqeləndirmək.
Bu görüşün real nəticə verməsi bir neçə vacib şərtdən asılıdır. Ukrayna hazırda ərazi güzəştlərinə qəti şəkildə qarşı çıxır, çünki bu, həm siyasi legitimlik, həm də milli identiklik baxımından qəbuledilməzdir. Rusiya isə danışıqlara yalnız öz strateji üstünlüyünü qoruyacağı halda maraq göstərir. Trampın “saziş son mərhələdə olacaqsa görüşərəm” deməsi ABŞ-nin bu prosesə öz planı və liderlik iddiası ilə daxil olmaq niyyətindən xəbər verir. Lakin bunun üçün hərbi vəziyyətdə balans yaranmalı və tərəflər real kompromisə hazır olmalıdırlar — hazırda isə bu şərtlər tam formalaşmayıb”.
Politoloq əlavə edib ki, sülh əldə olunacağı halda ABŞ üçün yaranacaq siyasi və geosiyasi dividendlər genişdir:
“Əvvəla, ABŞ Avropa təhlükəsizliyinin əsas memarı rolunu yenidən bərpa etmiş olacaq. Tramp administrasiyası bunu həm daxili siyasətdə, həm də beynəlxalq arenada öz uğuru kimi təqdim edə bilər. Digər mühüm məsələ Rusiya–Çin yaxınlaşmasının qarşısını almaqdır. Əgər Vaşinqton sülh prosesində həlledici rol oynasa, Moskvanın Pekinə daha da yaxınlaşmasının qarşısını müəyyən qədər ala bilər. Bu isə ABŞ-nin qlobal rəqabətdə mövqelərini möhkəmləndirəcək və Avropanı yenidən Vaşinqton xəttinə bağlayacaq”.
Züriyə Qarayeva sülhdən sonra sanksiyaların taleyi barədə də danışıb:
“Burada iki ssenari mümkündür. Tramp daha əvvəl bir neçə dəfə Rusiya ilə münasibətləri yumşaltmaq istədiyini bildirib. Buna görə də sülh müqaviləsində müəyyən sanksiyaların mərhələli yumşaldılması və ya dondurulması müzakirə edilə bilər. Lakin bu avtomatik baş verməyəcək. Konqres, NATO müttəfiqləri və ABŞ ictimaiyyəti bu qərara təsir göstərəcək. Humanitar, kənd təsərrüfatı və məhdud maliyyə əməliyyatları sahələrində yumşalma ehtimalı var, amma enerji və hərbi texnologiyalarla bağlı sanksiyalar uzun müddət qüvvədə qalacaq”.
Sonda politoloq qeyd edib ki, Tramp–Putin–Zelenski görüşü böyük siyasi simvolizm daşısa da, real nəticə üçün tərəflərin mövqeləri hələ də çox uzaqdır:
“Bununla belə, Vaşinqtonun diplomatik fəallığının artması danışıqlara yeni impuls verə bilər. Sülh əldə olunacağı halda isə ABŞ həm qlobal liderlik iddiasını gücləndirmiş olacaq, həm də Avrasiyada formalaşan yeni geosiyasi düzəni öz maraqlarına uyğun dizayn etmək imkanı qazanacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
