Azərbaycanda ət məhsullarının yetişdirilməsi və istehsalı sadə görünsə də, arxa planda böyük zəhmət və məsuliyyət dayanır. Cəmiyyətin bir qismi heyvanın öz-özünə böyüdüyünü düşünsə də, əslində bir baş malın yetişməsi illərin əməyini, gündəlik qayğını və maliyyə yükünü tələb edir. Fermer hər gün səhər-axşam yemləmə, təmizlik, tibbi qulluq və profilaktik tədbirlər kimi ağır işlərin öhdəsindən gəlir. Üstəlik, yem qiymətlərinin yüksəkliyi onların xərclərini daha da artırır. Bütün bu zəhmətə baxmayaraq, fermer çox zaman məhsulunu real dəyərindən aşağı satmağa məcbur olur və “zəhmətimə dəymədi” deyə narazı qalır.
Satış mərhələsində kəssabların işi də heç də asan deyil. Bir kiloqram ət satışından simvolik qazanc qalan kəssab icarə, vergi, soyuducu xərcləri və digər öhdəlikləri qarşılamağa çalışır. Bir malın tam satılması bəzən 2–3 gün vaxt aparır və bu prosesin davamlılığı onların ailə büdcəsi üçün həyati əhəmiyyət daşıyır. Əks halda nə gündəlik xərclərini qarşılaya, nə də dolanışıqlarını təmin edə bilərlər. Buna görə həm fermer, həm də kəssab ölkənin ərzaq təhlükəsizliyinin görünməyən, lakin əsas dayaqlarıdır.
Son illər ölkəyə böyük həcmdə dondurulmuş xarici ət məhsulları idxal olunur. Bu ətin hansı şəraitdə kəsildiyi, nə qədər müddət dondurucuda saxlanıldığı və keyfiyyət göstəriciləri barədə tam məlumat yoxdur. Bununla yanaşı, hər kiloqram idxal ət ölkədən valyuta çıxması deməkdir. Bu proses yerli bazarı zəiflədir, rəqabət imkanlarını azaldır və yerli istehsalın inkişafını ləngidir.
Əslində həmin vəsait ölkə daxilində təsərrüfatların gücləndirilməsinə, yeni texnologiyaların alınmasına, həm fermerlərin, həm də kəssabların peşə hazırlığına yönləndirilsə, həm ətin keyfiyyəti artar, həm də bazarda sabitlik yaranar.
Bir çox ölkələrin inkişaf təcrübəsi göstərir ki, iqtisadiyyatın bünövrəsi məhz kənd təsərrüfatıdır. Fermer və kəssablar isə bu sistemin təməl sütunlarıdır. Onların inkişafı ölkə iqtisadiyyatının möhkəmlənməsi deməkdir.
Bu məqsədlə:
Fermerlər üçün təlim və subsidiya proqramları genişləndirilməli,
Kəssablar üçün gigiyena, kəsim və saxlanma üzrə ixtisasartırma kursları təşkil edilməli,
Yerli məhsulların təşviqi, satışı və markalaşdırılması dəstəklənməli,
Xarici ətə asılılıq minimuma endirilməli,
Yerli istehsal gücləndirilib ixrac potensialı artırılmalıdır.
Bu yanaşma həm dövlət büdcəsinə töhfə verər, həm də kənd təsərrüfatında yeni iş yerlərinin açılmasına, avadanlıqların yenilənməsinə və istehsal mədəniyyətinin yüksəlməsinə şərait yaradar.
Fermer və kəssabların əməyi yalnız iqtisadi yox, həm də sosial dəyər daşıyır. Onların zəhmətinə dəyər vermək, yerli istehsalı dəstəkləmək və ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmək hər birimizin borcudur. Gələcək nəsillərə daha dayanıqlı təsərrüfat sistemi, güclü iqtisadi baza və bərəkətli kənd təsərrüfatı miras qoymaq üçün bu sahəyə birlikdə dəstək verməliyik.
Zəhmət müqəddəsdir – onu yaşatmaq isə bizim məsuliyyətimizdir.

Elçin Ağasıyev
Paraqraf.com
![]()
